Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəb və universitetlərdə xarici dil tədrisi: Qrammatika bilinir, danışıq bacarığı zəifdir

Ekspertlər dil öyrənməsində praktik ünsiyyət və danışıq bacarıqlarının təhsildə daha çox yer almasının vacibliyini vurğulayır

265

Xarici dil bilikləri müasir dünyada yalnız akademik üstünlük deyil, həm də sosial, peşəkar və mədəni inteqrasiyanın əsas şərtidir. Buna baxmayaraq, məktəbi bitirən məzunlar illərlə dil öyrənsələr də, onu real ünsiyyət üçün istifadə etməkdə çətinlik çəkirlər. Ənənəvi tədris modellərində qrammatika və yazılı tapşırıqlar ön planda olsa da, danışıq və dinləmə bacarıqları çox zaman ikinci plana keçir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirib ki, hazırkı məktəb proqramı daha çox qrammatikaya fokuslanır: “Şagirdlərin dinləmə, danışma, oxuma və mətn analiz bacarıqları kifayət qədər inkişaf etmir. Tədris metodikasını dəyişərək audio və audiovizual vasitələrdən istifadə, spikerlərin cəlbi və dil daşıyıcılarının iştirakı praktik bacarıqları gücləndirə bilər.”

Təhsil eksperti Ramin Nurəliyev də qeyd edir ki, dil öyrənmək istedad tələb etsə də, əsas məsələ onun necə öyrədilməsidir: “Qrammatika bilmək vacibdir, amma təkcə o dili öyrənmək üçün kifayət etmir. Xüsusilə ingilis dilində danışıq bacarığı mütəmadi praktikada tətbiq olunmalıdır. Əks halda, insanlar yalnız qrammatikanı bilib, danışa bilmirlər. Dinləmə və danışıq bacarıqları zəif olan şagird qrammatikanı da unudur.”

Ekspertin sözlərinə görə, dilin mənimsənilməsi üçün praktik ünsiyyət və filmlərə, videolara baxmaq, internet resurslarından istifadə etmək çox effektivdir. Bununla yanaşı, həm məktəb, həm də universitet səviyyəsində tədrisin ingilis dilində aparılması və müəllim heyətinin bu sahədə peşəkar olması vacibdir.

Nurəliyev əlavə edib ki, şagirdlər məktəb dövründə danışıq bacarıqlarını inkişaf etdirsələr, universitetdə ciddi çətinliklərlə üzləşməzlər. Qrammatikaya həddindən artıq fokuslanmaq dilin real istifadəsini ikinci plana keçirir, nəticədə öyrənmə bacarığı zəifləyir. Beynəlxalq platformalar vasitəsilə xaricilərlə ünsiyyət qurmaq da dil bacarığını gücləndirən mühüm vasitədir.

“Əsas məsələ şəxsi maraq və davamlı zəhmətdir. İstək və səylə hər kəs xarici dili mənimsəyə bilər,” – deyə ekspert vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.