Bizimlə həyatınız həmişə işıqlı olacaq!

London Trampın təşəbbüsünə məsafəli yanaşır

Böyük Britaniya Qəzza üzrə Sülh Şurasına qoşulmaqdan imtina edir

87

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Qəzza üzrə Sülh Şurasına qoşulmaq niyyətində deyil.

“The Financial Times”ın məlumatına görə, London bu qurumun tərkibində Rusiya Prezidenti Vladimir Putinin yer alması və üzvlük üçün irəli sürülən yüksək maliyyə tələbləri səbəbindən təşəbbüsə ehtiyatla yanaşır. Britaniya rəsmiləri bildirirlər ki, bir milyard dollar ödəniş tələb edən belə bir formata qoşulmaq hökumət üçün məqbul sayılmır.

Məlumatda qeyd olunur ki, Vaşinqton və London arasında münasibətlərin həssas mərhələdən keçdiyi bir vaxtda Trampın Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyini Mavrikiyə qaytarmaq qərarını “tam zəiflik” kimi dəyərləndirməsi də narazılığı daha da artırıb. Xatırladaq ki, həmin adalarda ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi strateji hərbi hava bazası yerləşir.

Kir Starmerin bu həftə Sülh Şurasının şərtlərini müttəfiqlərlə müzakirə etdiyi bildirilsə də, hökumətə yaxın mənbələr Böyük Britaniyanın bu təşəbbüsə qoşulmasının real olmadığını vurğulayırlar. Rəsmi mənbələrdən biri qeyd edib ki, vergiödəyicilərinin vəsaitinin Rusiya liderinin də təmsil olunduğu bir qurumda iştirak üçün xərclənməsi qəbulolunan deyil.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.