Minlərlə mingəçevirli Şəhidlər Xiyabanında
Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anıldı
Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq artıq bir neçə gündür silsilə anım tədbirləri keçirilir. Bu çərçivədə şəhərin ümumtəhsil və orta ixtisas məktəblərində faciəyə həsr olunmuş xüsusi dərslər təşkil olunur, şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılır.
Yanvarın 20-si səhər tezdən şaxtalı hava şəraitinə baxmayaraq minlərlə mingəçevirli əllərində gül dəstələri ilə Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib. Şəhər sakinləri şəhid məzarlarını ziyarət edərək onların ruhlarına dualar oxuyub.
Abidə kompleksinin önündə keçirilən anım mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər. İştirakçılar abidə önünə əklil və gül dəstələri düzərək şəhidlərin xatirəsinə dərin hörmət nümayiş etdiriblər.
Saat 12:00-da isə Mingəçevir şəhərində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.