Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Özbək deputatdan Aleksandr Duginə sərt cavab

Şahnaz Xolməhmətova rus filosofun Azərbaycan və digər ölkələrin müstəqilliyi ilə bağlı səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb

73

Özbəkistan parlamentinin deputatı Şahnaz Xolməhmətova rusiyalı filosof Aleksandr Duginin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın və Özbəkistanın suverenliyinə yönələn mübahisəli açıqlamalarına kəskin cavab verib.

Özbəkistan mediasının yaydığı məlumata görə, deputat Duginin fikirlərini qəbuledilməz adlandıraraq bildirib ki, ölkəsinin müstəqilliyi heç bir halda kənar şəxslərin müzakirə predmeti ola bilməz.

Şahnaz Xolməhmətova vurğulayıb ki, Özbəkistan suveren dövlətdir və heç vaxt heç kimin təsir dairəsinə daxil olmayacaq. Onun sözlərinə görə, ölkə beynəlxalq əməkdaşlığa açıqdır, lakin bu münasibətlər yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında mümkündür. Deputat əlavə edib ki, Özbəkistan xalqının iradəsi və müstəqilliyi heç bir ideoloji yanaşma ilə şübhə altına alına bilməz.

Parlament üzvü çıxışında bildirib ki, suverenliyə qarşı yönəlmiş hər hansı aqressiv yanaşma qətiyyətli cavabla qarşılanacaq və kənar müdaxilələrə yol verilməyəcək. O, bu mövqeyini dini-mənəvi mənbələrə istinadla ifadə edərək, müdaxilə cəhdlərinin dayandırılmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Aleksandr Dugin daha əvvəl verdiyi açıqlamada Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi müstəqil dövlətlərin mövcudluğunu şübhə altına alan fikirlər səsləndirmişdi və bu bəyanatlar region ölkələrində ciddi narazılıq doğurub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.