Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hərbi xidmət qanunvericiliyində yeniliklər: müddətlər və xidmət növləri dəqiqləşdirildi

Prezident İlham Əliyevin imzaladığı dəyişikliklərlə zabit hazırlığı, könüllü xidmət və müddətdən artıq xidmət normaları yenilənib, 6 aylıq xidmət müddəti isə qanundan çıxarılıb.

396

Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliyə əsasən, əvvəlki “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilərək üç əsas kateqoriya müəyyənləşdirilib: müddətli həqiqi hərbi xidmət, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və müddətdən artıq həqiqi xidmət.

Zabitlərlə bağlı müddəalarda da yeniliklər edilib. Ehtiyatdan çağırılan və ya bağlaşma əsasında könüllü xidmətə daxil olan zabitlərin xidmət müddəti 1 il olaraq müəyyənləşib. Bu müddət başa çatdıqdan sonra tərəflərin razılığı ilə kadr zabit heyətinə keçmək imkanı verilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün isə bağlaşma əsasında xidmət müddəti 3 ilə qədər nəzərdə tutulur.

Qanunvericiliyə edilən digər dəyişikliklərdən biri 6 aylıq xidmət müddəti ilə bağlıdır. Bir sıra maddələrdən “6 ay” ifadəsi çıxarılıb, eyni zamanda ali təhsilli müddətli hərbi qulluqçuların zabit hazırlığı kursunu bitirdikdən sonra könüllü olaraq zabit kimi həqiqi xidmətə daxil olmaları üçün yeni norma əlavə edilib.

Hərbi rütbələrin verilməsi, vəzifəyə təyinat və həqiqi hərbi xidmətdən buraxılma ilə bağlı qaydalarda isə texniki və məzmun xarakterli düzəlişlər edilib. Dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.5-ci maddəsində də öz əksini tapıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.