Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanda vergi nəzarəti qaydaları dəyişdirilir

“Üfüqi monitorinq” sistemi ilə riskləri əvvəlcədən açıqlayan sahibkarlara maliyyə sanksiyası tətbiq olunmayacaq

343

Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə Azərbaycanda bu ildən etibarən “üfüqi monitorinq” mexanizmi tətbiq olunmağa başlanıb. Yeni yanaşma vergi ödəyicilərinə mövcud vergi risklərini əvvəlcədən vergi orqanlarına bildirmək imkanı yaradır. Bu isə səyyar vergi yoxlamalarının yalnız istisna hallarda keçirilməsini nəzərdə tutur.

Mövzu ilə bağlı danışan iqtisadçı-deputat Vüqar Bayramov bildirib ki, yeni sistem praktik olaraq səyyar yoxlamaların sayını minimuma endirəcək.

Onun sözlərinə görə, son illərdə səyyar yoxlamaların sayı artıq kəskin şəkildə azalıb. Belə ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisi olmasına baxmayaraq, cəmi 384 səyyar yoxlama aparılıb. Bu göstərici 2023-cü illə müqayisədə 29 faiz, 2018-ci illə müqayisədə isə təxminən 5 dəfə azdır.

Deputat vurğulayıb ki, “üfüqi monitorinq”in əsas üstünlüklərindən biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq edilməməsidir. Əgər vergi riskləri əvvəlcədən açıqlanarsa, sahibkarlara maliyyə sanksiyası tətbiq olunmayacaq. Yalnız bəyan edilməyən risklər vergi orqanları tərəfindən aşkar edildikdə 25 faiz maliyyə sanksiyası nəzərdə tutulur.

Yeni sistem çərçivəsində vergi orqanları monitorinq dövründə təqdim olunan məlumatları elektron qaydada izləyəcək. Əsas məqsəd əvvəlcədən məsləhətləşmə yolu ilə vergi risklərini azaltmaqdır. Bu mexanizm maliyyə intizamının möhkəmlənməsinə və korporativ idarəetmənin təkmilləşməsinə xidmət edəcək.

Bundan əlavə, “üfüqi monitorinq” iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanı azalan qalıq və ya düz xətt üsulu ilə hesablamaq imkanı da yaradılır.

Qeyd edilib ki, avtomatlaşdırılmış uçot aparan və daxili nəzarət sistemi tətbiq edən orta və iri sahibkarlıq subyektləri bu monitorinq sisteminə qoşula bilərlər. Yeni mexanizm vergi orqanları ilə biznes subyektləri arasında şəffaf və etibarlı əməkdaşlıq modeli kimi dəyərləndirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.