Peyvənddən sonra ani ölümlər: Həkimlər izah edir
Ekspertlər bildirir ki, qəfil ölüm halları orqanizmin gözlənilməz allergik reaksiyası ilə bağlıdır və öncədən tam qarşısını almaq mümkün deyil
Son günlərdə cəmiyyətdə peyvənddən sonra baş verən qəfil ölüm hadisələri narahatlıq yaradıb. Hadisələr dərman preparatlarının keyfiyyəti, iynələrin vurulma qaydaları və tibbi nəzarətin yetərliliyi ilə bağlı sualları gündəmə gətirib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov bildirib ki, hələlik ictimaiyyətə təqdim olunmuş təsdiqlənmiş rəsmi faktlar yoxdur. O, vurğulayıb ki, hadisənin səbəbləri, tibbi detalları, ekspertiza və hüquqi qiymətləndirmə açıqlanmadan qəti fikir bildirmək düzgün deyil:
“İlkin məlumatlara əsaslanaraq nəticə çıxarmaq həm cəmiyyətə yanlış mesaj verə, həm də istintaq prosesinə zərər verə bilər. Hər hansı ağırlaşmalar bir çox tibbi səbəblərlə əlaqəli ola bilər və hadisəni avtomatik iynə səhvi ilə bağlamaq elmi və peşəkar yanaşmaya uyğun deyil. Hadisənin səbəbi yalnız klinik məlumatlar, laborator göstəricilər və məhkəmə-tibbi ekspertiza rəyindən sonra obyektiv şəkildə qiymətləndirilə bilər.”
Həkim-infeksionist Əminə İsmixanova qeyd edib ki, bu cür hallarda dərmanın səhv vurulması və ya dozasının artıq olması səbəb deyil. Xəstənin əvvəlcədən müəyyən allergik reaksiyaları ola bilər, bəzən isə heç bir xəbərdarlıq əlaməti olmur. Belə hallarda dərman vurulduğu anda anafilaktik şok baş verə bilər və xəstə həyatını itirə bilər. Hətta bütün tibbi yardımlar göstərilsə belə, nəticə dəyişməyə bilər.
“Bu, orqanizmin dərmana qarşı verdiyi ani reaksiyadır. Orqanizm şoka düşə, güclü allergik reaksiyalar göstərə bilər və ölüm halı baş verə bilər. Təəssüf ki, belə hallar əvvəlcədən tam şəkildə proqnozlaşdırıla bilmir,” – deyə həkim bildirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.