Qarabağdan köçən ermənilər Ermənistanı da tərk edir
Gərgin sosial fon və perspektivsiz gələcək miqrasiyanı sürətləndirir
2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra Ermənistan ərazisinə könüllü köç edən ermənilər ölkəni kütləvi şəkildə tərk etməyə başlayıblar. Onların böyük hissəsi Rusiya və Avropa ölkələrinə üz tutur.
Ekspertlərin fikrincə, bu miqrasiyanın əsas səbəblərindən biri yerli ermənilərlə Qarabağdan gələnlər arasında uzun müddətdir davam edən qarşılıqlı narazılıqlardır. Bu gərginlik gündəlik məişət səviyyəsində də özünü göstərir və nəticədə, Ermənistan pasportu alanların sayı cəmi 26 min nəfər təşkil edib.
Rusiyaya üz tutanların əksəriyyəti Stavropol, Krasnodar və Şimali Qafqaz bölgələrini seçir. Bu bölgələrdə həm uyğun iqlim şəraiti, həm də artıq mövcud olan erməni diasporu yerləşməni asanlaşdırır. Rusiya ərazisinə köçən bəzi şəxslərin sonradan əmək müqavilələri əsasında işlədiyi, bir qisminin isə Rusiya ordusuna yazılaraq Ukrayna müharibəsinə cəlb edildiyi bildirilir.
Avropaya miqrasiya edənlərin əsas seçimi Fransadır. Burada erməni icmasının güclü olması, sosial proqramların mövcudluğu və miqrasiya prosedurlarının nisbətən rahat olması bu ölkəni cəlbedici edir. Bundan əlavə, Almaniya, Niderland, Belçika və İspaniyaya da axın qeydə alınıb.
Ermənistanda qalan Qarabağ mənşəli şəxslərin durumu isə heç də qənaətbəxş deyil. Onlar məskunlaşma çətinlikləri, işsizlik və sosial uyğunlaşma problemləri ilə üzləşirlər. Yerli ictimaiyyətdə isə “müvəqqəti gələnlər”ə qarşı narazılıq artmaqdadır.
Bəzi daxili siyasi qüvvələr, xüsusən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın ətrafında birləşən revanşist dairələr, bu qrupu 2026-cı il parlament seçkilərində narazı elektorat kimi siyasi məqsədlərlə istifadə etməyə çalışırlar. Lakin sosial və iqtisadi reallıqlar nəticəsində Ermənistandan miqrasiya axını artmaqda davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.