Elmi sensasiya: Zaman paradoksuna yeni riyazi yanaşma
Avstraliyalı fiziklər iddia edir ki, kainat keçmişə müdaxiləni özü balanslaşdıra bilər
İki alim zamanda səyahətlə bağlı uzun illərdir müzakirə olunan ən mürəkkəb məntiq paradokslarından birinə riyazi izah verdiklərini açıqlayıb. Bu barədə elmi nüfuzlu “Classical and Quantum Gravity” jurnalı məlumat yayıb.
Avstraliyanın Kvinslend Universitetinin alimləri Jermeyn Tobar və Fabio Koşta iddia edirlər ki, müəyyən şərtlər daxilində zamanda səyahət fizikanın fundamental qanunları ilə ziddiyyət təşkil etmir və bu yanaşma riyazi cəhətdən əsaslandırıla bilər. Onların araşdırması zamanda səyahət anlayışına yeni elmi baxış gətirir.
Zamanda səyahət nəzəriyyəsinin əsasını Albert Eynşteynin irəli sürdüyü “qapalı zamanabənzər əyrilər” (CTC – Closed Timelike Curves) konsepsiyası təşkil edir. Bu modelə görə, insan və ya obyekt keçmişə gedərək yenidən eyni məkan-zaman nöqtəsinə qayıda bilər.
Tobar və Koştanın fikrincə, CTC daxilində hadisələrin gedişi yalnız iki əsas sabit şərtə bağlıdır. Qalan bütün ehtimallar isə “azad seçim” çərçivəsində formalaşa bilər. Alimlər bildirirlər ki, bu mexanizm nə determinizmlə, nə də azad iradə anlayışı ilə ziddiyyət yaradır.
Tədqiqatda belə qeyd olunur:
“Qapalı zamanabənzər əyrilər çoxsaylı alternativ ssenarilərin və dinamik proseslərin yaranmasına imkan verir. Hadisələr paradoks yaratmadan öz daxilində uyğunlaşa bilir.”
Fabio Koşta zamanda səyahət müzakirələrində tez-tez səslənən məşhur paradoksu konkret nümunə ilə izah edib. Onun sözlərinə görə, əgər kimsə COVID-19 pandemiyasının ilk yoluxan şəxsinə keçmişdə müdaxilə edərək xəstəliyin qarşısını almağa çalışsa, bu halda həmin müdaxilənin səbəbi də ortadan qalxmış olar. Məhz bu məntiq ziddiyyəti uzun illər zamanda səyahətin mümkünsüzlüyü arqumenti kimi istifadə edilib.
Alimlər isə hesab edirlər ki, kainat belə hallarda özünü tənzimləyən daxili tarazlaşdırma mexanizminə malikdir. Yəni paradoks yaranmağa yaxın olduqda hadisələrin gedişi avtomatik şəkildə yenidən uyğunlaşdırılır.
Araşdırmada vurğulanır ki, keçmişi dəyişmək cəhdi uğursuzluqla nəticələnsə belə, nəticədə hadisələr zənciri məntiqi ardıcıllığını qoruyur. Məsələn, ilk xəstəni xilas edən şəxs özü yeni yoluxma mənbəyinə çevrilə və ya bu rol başqa birinə keçə bilər.
Alimlərin gəldiyi əsas nəticə budur: əgər bir gün zamanda səyahət texniki baxımdan mümkün olarsa, kainatın dərhal xaosa sürüklənməsi ehtimalı yoxdur. Riyazi modellər göstərir ki, zaman sistemi paradoksları neytrallaşdırmaq üçün öz-özünü balanslaşdırmağa meyllidir.
Bu yanaşma keçmişi dəyişməklə böyük fəlakətlərin qarşısını almaq istəyənlər üçün məyusedici görünə bilər. Lakin elm baxımından bu, zaman anlayışı ilə bağlı ən çətin məntiq düyünlərindən birinin ciddi şəkildə yumşaldılması deməkdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.