Dünyada “K” ŞTAMMI TƏHLÜKƏSİ – H3N2-NİN YENİ VERSİYASI SÜRƏTLƏ YAYILIR
Həkimlərdən ciddi xəbərdarlıq: 30-dan çox ölkədə aşkarlanan yeni ştammın immuniteti aşa bilməsi geniş yayılma riskini artırır
Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb. Yoluxmaların çoxuna səbəb olan virus H3N2-nin “K” adlı yeni ştammıdır.
Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb. Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, “K” əvvəlki illərdə nadir rast gəlinib, buna görə də insanların çoxunda ona qarşı güclü immunitet formalaşmayıb.
Kembric Universitetinin Patogenlərin Təkamülü Mərkəzinin direktoru Derek Smitin sözlərinə görə, H3N2 virusu son dövrdə yeddi mutasiya keçirib: “Bu virus demək olar ki, bütün dünyada yayılacaq”, – deyə o xəbərdarlıq edib.
Həkimlər qeyd edirlər ki, simptomlar klassik qripdən daha ağır olmasa da, yoluxanların sayı kəskin arta bilər. Bəziləri xəstəliyi simptomsuz keçirir, digərlərində yüksək hərarət, bədən ağrıları və tez yorulma müşahidə olunur. Xüsusilə yaşlılar və xroniki xəstəlikləri olanlar üçün yeni ştamm ciddi risk yaradır.
Frensis Krik İnstitutunun Ümumdünya Qrip Mərkəzinin direktoru Nikola Lyuis vəziyyəti belə təsvir edir: “Belə virusu uzun müddətdir görməmişdik. Dinamikası qeyri-adi görünür. Narahatlıq var, panika yox, amma ciddi narahatlıq var.”
Həkimlər xatırladır ki, soyuqdəymə, qrip və COVID-in əlamətləri bənzər olsa da, aralarında mühüm fərqlər mövcuddur:
-
Soyuqdəymə tədricən başlayır, əsasən burun axması və boğaz ağrısı ilə müşayiət olunur.
-
Qrip qəfil yüksələn temperatur, əzələ zəifliyi və ümumi ağrılarla başlayır.
-
COVID-19 isə bunlara əlavə olaraq dad və qoxu itkisi ilə fərqlənir.
Mütəxəssislər hesab edir ki, qripdən qorunmağın ən effektiv yolu vaksinasiya qalır. Lakin hazırkı peyvəndlərin yeni “K” ştammına qarşı tam təsir gücünün olub-olmadığı hələ müəyyən deyil.
Virusun yayılmasını məhdudlaşdırmaq üçün bəzi ölkələr artıq əlavə tədbirlərə başlayıb. Yaponiya və İngiltərədə məktəblər bağlanıb, Britaniyanın xəstəxana və məktəblərində maska rejimi yenidən tətbiq olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.