Mingəçevir Dövlət Universitetində Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirildi
Tədbirdə Ulu Öndərin irsi, strateji inkişaf istiqamətləri və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi mövzuları müzakirə olundu
2025-ci il dekabrın 11-də Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunan “Heydər Əliyev irsinin strateji önəmi və davamlı inkişafın gələcək istiqamətləri” mövzusunda elmi-praktik konfrans təşkil edilib. Tədbir Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının birgə təşəbbüsü ilə gerçəkləşib.
Tədbirdən əvvəl iştirakçılar universitet ərazisində yerləşən Heydər Əliyev büstünü ziyarət edərək büstün önünə gül dəstələri qoyublar və Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin ruhunun anılması üçün bir dəqiqəlik sükutla başlayıb, ardından Dövlət Himni səsləndirilib. Daha sonra Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
İcra başçısı İlham İsmayılov tədbiri açıq elan edərək Ulu Öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında və inkişaf strategiyasının müəyyən edilməsində mühüm rolunu diqqətə çatdırıb. O, Mingəçevir şəhərində həyata keçirilən infrastruktur və sosial layihələrin də Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının praktiki nəticələri olduğunu vurğulayıb.
Ardınca MDU-nun rektoru Anar Eminov çıxış edərək Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi siyasətin bu gün Azərbaycanın ali təhsil sistemində modern standartların formalaşmasına ciddi töhfə verdiyini qeyd edib. O, Ulu Öndərin təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və gənclərin elmi-intellektual inkişafına dəstək yönümlü qərarlarının aktuallığını vurğulayıb.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında Heydər Əliyevin siyasi kursunun dövlətin möhkəmlənməsi üçün əsas strateji xətt olduğunu bildirib və bu irsin Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet kimi yaşadıldığını qeyd edib.
Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov isə Heydər Əliyevin sosial-iqtisadi inkişaf modeli haqqında danışaraq regionların idarə olunmasında, yerli özünüidarəetmə və şəhərsalma proseslərində Ulu Öndərin qoyduğu təməl prinsiplərin indiki dövrdə də öz əhəmiyyətini qoruduğunu bildirib.
Konfrans daha sonra məruzələrlə davam edib. MDU əməkdaşları — baş müəllimlər Vüsalə Mövlayeva (“Heydər Əliyev fenomeni: Zəka və liderlik nümunəsi”), Səadət Ağakişiyeva (“Unudulmayan ömür: xalq yaddaşında Heydər Əliyev”), Pərvin Hüseynova (“Heydər Əliyev və təhsilin strateji inkişafı”) və müəllim Fəxriyyə İsayeva (“Milli ideyadan zəfərə aparan yol”) öz çıxışlarında Ulu Öndərin irsinin müxtəlif aspektlərini təhlil ediblər.
Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevirdə və MDU-da Heydər Əliyevin Anım Gününə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.