Azərbaycanda milli süni intellekt modeli hazırlanır
İnfrastruktur dekabrda hazır olacaq, milli süni intellekt modelinin istifadəsi isə iki il ərzində gözlənilir.
Azərbaycanda milli süni intellekt modelinin yaradılması planlaşdırılır və bunun üçün infrastruktur artıq Bakıya gətirilib, quraşdırılma işləri davam edir. Modelin ilk versiyasının istifadəyə verilməsi bir qədər vaxt ala bilər, lakin Mərkəz ümid edir ki, iki il ərzində bu proses başa çatacaq.
Milli Süni İntellekt Mərkəzində baş mühəndis Xalid Hüseynov bildirib ki, infrastruktur dekabr ayı ərzində tam hazır olacaq:
“İnfrastrukturun hazırlanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Quraşdırma mərhələsindən sonra ölkə üzrə dataların toplanması başlayacaq. Yəni kitablar və digər məlumat mənbələrindən data bazası yaradılacaq. Bundan sonra isə modelin öyrədilməsi və hazırlanması mərhələsi başlayacaq. İşlər planlı şəkildə üç mərhələdə aparılır: birinci mərhələ – infrastrukturun hazırlanması, ikinci mərhələ – dataların toplanması və bazanın yaradılması, üçüncü mərhələ – modelin hazırlanması. Bu infrastruktur yalnız fərdi deyil, bütün ölkə üzrə istifadəyə açıq olacaq. Digər ölkələrdəki şirkətlər və dövlət qurumları da bu bulud sistemindən və qrafik proseslərdən istifadə edə biləcəklər.”
Xalid Hüseynov əlavə edib ki, dataların toplanması və modelin öyrədilməsi mürəkkəb və vaxt aparan prosesdir:
“Bizim mühəndislərimizin bu sahədə ekspert bilikləri var. İşlər müəyyən vaxt tələb edir. Həmçinin ‘ChatGPT’ və beynəlxalq universitetlərlə əməkdaşlıqlarımız mövcuddur. ABŞ universitetləri ilə də əlaqələrimiz var. Qeyd edim ki, ‘ChatGPT’nin istifadəyə verilməsindən sadəcə üç il keçib və sistem hər altı ay və ya il ərzində yenilənir. Ümid edirik ki, iki il ərzində Azərbaycan vətəndaşları milli süni intellekt modelindən istifadə edə biləcək.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.