Uşaq və yeniyetmələr üçün onkoloji müalicə icbari sığortaya daxil edilir
2026-cı ilin büdcəsində səhiyyə və sosial xərclərə vəsait ayrılır
Yeni iqtisadi çağırışlara cavab olaraq insan kapitalının keyfiyyətinin yüksəldilməsi və iqtisadi dayanıqlığın təmin edilməsi əsas prioritetdir. Bu barədə Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı Baş nazir Əli Əsədov məlumat verib.
Baş nazir qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial yönlü xərclər 17,1 milyard manat təşkil edəcək, bu da xərclərin 41%-i deməkdir. Təhsil və elmin inkişafına 5,2 milyard manatdan çox vəsait ayrılacaq (12,6%), səhiyyə və dərman təminatına isə 2 milyard manatdan artıq vəsait nəzərdə tutulub (4,9%).
İcbari tibbi sığorta çərçivəsində planlaşdırılan yeniliklər bunlardır:
-
2026-cı ildən ürək-damar xəstəlikləri üçün dərman vasitələrinin ödənişləri sığorta çərçivəsinə daxil ediləcək;
-
2028-ci ildən mədə-bağırsaq xəstəlikləri, 2029-cu ildən isə tənəffüs sistemi xəstəlikləri üçün sığorta ödənişləri təmin olunacaq;
-
Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən etibarən Xidmətlər zərfinə daxil edilməsinə dair layihə hazırlanır.
Baş nazir vurğulayıb ki, bu tədbirlər əhalinin sağlamlığının qorunması, keyfiyyətli səhiyyə xidmətlərinin təmin olunması və sosial rifahın yaxşılaşdırılması üçün atılan mühüm addımlardır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.