Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nizami irsi Türkiyədə yenidən doğulur

“Leyli və Məcnun” Ankarada Türkiyə türkcəsində nəşr olundu, “Xəmsə”nin digər əsərləri də ardıcıl şəkildə oxucuya təqdim edilir

24

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə” toplusunun əsərləri orijinal mətnlər əsasında Türkiyə türkcəsinə çevrilərək ardıcıl şəkildə nəşr olunur.

Mərkəzdən verilən məlumata görə, “Xəmsə”yə daxil olan poemaların tərcüməsini Erzurum Atatürk Universitetinin professoru, tanınmış tərcüməçi Nimet Yıldırım həyata keçirir.

Layihə çərçivəsində Nizami Gəncəvinin ölməz əsərlərindən biri olan “Leyli və Məcnun” Türkiyə türkcəsində Ankarada çap edilib. Kitabın ön sözündə tərcüməçi Nimet Yıldırım Nizamini Azərbaycan və bütün Türk dünyasının mədəni irsində xüsusi yeri olan dahiyanə bir şəxsiyyət kimi səciyyələndirir. O bildirir ki, şair bu əsəri ilə Şərq ədəbiyyatının ən möhtəşəm məhəbbət dastanını ərsəyə gətirib.

Professor həmçinin Nizaminin doğulduğu Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərq üçün mühüm elm və mədəniyyət mərkəzi olduğunu, şairin ömrü boyu burada yaşayıb misilsiz irs yaratdığını qeyd edir.

Mədəniyyət Mərkəzinin məlumatına görə, bu günə qədər “İsgəndərnamə” və “Sirlər xəzinəsi” də Türkiyə türkcəsində tərcümə edilərək Ankarada nəşr olunub. Kitabların Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət ocaqlarına və müxtəlif elmi-tədqiqat qurumlarına hədiyyə edilməsi planlaşdırılır.

Nizami Gəncəvinin Türkiyə türkcəsində yeni çap olunan “Leyli və Məcnun” əsərinin təqdimatı isə 14 dekabrda, Azərbaycan və Türkiyədən alimlərin iştirakı ilə 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində keçiriləcək.

Nizami Gəncəvi yaratdığı “Xəmsə” ilə dünya epik poeziyasının ən parlaq nümunələrini formalaşdıraraq bəşər ədəbiyyatında silinməz iz qoyub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.