Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və Türkiyədən yeni media təşəbbüsü: BİZNESTÜRK TV

BİZNESTÜRK TV: İş dünyası təcrübəsi, iqtisadi imkanlar və mədəni əməkdaşlıq bir platformada

45

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi ilə MÜSİAD Azərbaycanın birgə layihəsi çərçivəsində böyük media təşəbbüsü – BİZNESTÜRK TV fəaliyyətə başlayır.

Layihə Azərbaycan və Türkiyə iş dünyası arasındakı əməkdaşlığı daha da gücləndirməyi, biznes diplomatiyasını inkişaf etdirməyi və Türkiyə şirkətlərinin Azərbaycandakı uğurlarını beynəlxalq səviyyədə nümayiş etdirməyi hədəfləyir.

BİZNESTÜRK TV-də Türkiyəli iş adamlarının uğurlu iş və həyat təcrübələri təqdim olunacaq. Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media resurslarında onların biznes strategiyaları, qarşıya qoyduqları məqsədlər və regional iqtisadiyyata töhfələri əks olunacaq.

Yeni media platforması Azərbaycan üçün qlobal iqtisadi informasiya məkanına çevriləcək. Layihə çərçivəsində hazırlanan müsahibələr, çəkilişlər və xəbərlər vasitəsilə ölkəmizdəki stabillik, qanunvericilik şəffaflığı, biznesə dövlət dəstəyi və münbit investisiya mühiti dünyaya çatdırılacaq.

Bakıdan regionlara qədər yeni sənaye zonaları, logistika imkanları, nəqliyyat xətləri və “yaşıl enerji” layihələri investorların diqqətinə təqdim ediləcək. Layihə həmçinin “Türkiyə-Azərbaycan-Mərkəzi Asiya” iqtisadi xəttinin informasiya platformasına çevriləcək.

BİZNESTÜRK TV yalnız biznes sahəsinə deyil, mədəni və sosial inteqrasiyaya da töhfə verəcək və Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi dostluğun media arxivini formalaşdıracaq. Layihəni Modern Media Qrup həyata keçirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.