Donor qanının təhlükəsizliyi üçün yeni texnologiya tətbiq olunur
Yeni NAT texnologiyası donor qanının təhlükəsizliyini beynəlxalq standartlara uyğun şəkildə artırır
Səhiyyə Nazirliyi bildirib ki, donor qanında yoluxucu infeksiyalar daha erkən mərhələdə aşkarlanacaq. Bu barədə Respublika Qan Bankının Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova açıqlama verib.
O qeyd edib ki, qan nümunələrinin laborator müayinəsi ardıcıl və elmi əsaslarla aparılır, məqsəd donor qanının təhlükəsizliyini maksimum təmin etməkdir. Qan və onun komponentləri seroloji, immunhematoloji və molekulyar-bioloji testlərdən keçirilir.
S. Məhərrəmova bildirib ki, bu testlərin əsas məqsədi İİV (QİÇS), Hepatit B, Hepatit C və sifilis kimi qan vasitəsilə ötürülə biləcək infeksiyaları vaxtında aşkarlamaqdır. Hazırda tətbiq olunan NAT (Nuklein Turşusu Testi) texnologiyası infeksiyaların “pəncərə dövründə” aşkarlanmasına imkan verir və qan təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu üsul WHO, EU Directives, ISO 15189 və GMP kimi beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə kömək edir.
Donor qanı və onun komponentləri yalnız tam təhlükəsizlik yoxlanışından sonra tibbi istifadə üçün icazə alır. Əgər hər hansı test pozitiv və ya şübhəli nəticə verirsə, həmin qan vahidi istifadədən çıxarılır və donor əlavə müayinəyə yönləndirilir. Bu yanaşma həm qan alıcısının, həm də donorun sağlamlığının qorunmasına xidmət edir.
Hər donorun məlumatları, laborator nəticələri və yoxlama protokolları Qan Bankının informasiya idarəetmə sisteminə daxil edilir və təhlükəsizlik prosedurları diqqətlə izlənilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.