Xəzərin səviyyəsi sürətlə azalır
Kosmik Agentlik: Son 20 ildə Xəzər 70 km geri çəkilib
Xəzər dənizində səviyyənin enməsi davam etdiyi üçün Azərbaycanın bəzi sahil zonalarında landşaft nəzərəçarpacaq dərəcədə dəyişir. Aparılan peyk müşahidələri suyun geri çəkilmə dinamikasını, sahil xəttinin dəyişməsini və dənizin altından üzə çıxan torpaq sahələrinin həcmini dəqiq şəkildə göstərir.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS Mərkəzinin direktoru İsmət Baxışovun Azərtac-a verdiyi məlumata görə, Xəzərin şimal hissəsində — dərinliyin daha az olduğu zonalarda — son 20–25 ildə 70 kilometrdən artıq geri çəkilmə qeydə alınıb. Ən ciddi geriləmə isə Qazaxıstan sahillərində müşahidə olunur. Bu prosesin iqtisadi təsirləri də var: neft sektorunda, gəmiçilikdə və liman infrastrukturunda əlavə xərclərə səbəb olur.
İsmət Baxışov qeyd edir ki, Azərbaycanda ən çox sahil dəyişməsi Qızılağac körfəzindədir. Ümumilikdə, ölkənin Xəzər boyunca olan ərazilərində 700 kvadrat kilometrə yaxın yeni torpaq sahəsi suyun altından çıxıb.
Onun sözlərinə görə, proses müdaxiləsiz davam edərsə, Qum adası və Pirallahı adası sahillə tam birləşərək yarımadaya çevrilə bilər.
Kosmik Agentlik yalnız su səviyyəsini deyil, həm də dəniz suyunun temperaturunu, fitoplanktonların yayılmasını və bioloji mühitin dəyişməsini izləyir. Son 15 ildə Xəzərin səth temperaturu 1°C yüksəlib. Su azalması fitoplanktonların sıxlığına birbaşa təsir edir ki, bu da balıq ehtiyatları üçün mühüm amildir. Dayazlaşma ilə birlikdə duzluluğun artması da dənizin bioaləmini zəiflədən faktorlardan biridir.
Baxışov bildirib ki, Xəzərin 85%-lik su girişi Volqa hövzəsindən təmin edilir və həmin hövzədə suyun azalması, həmçinin buxarlanmanın artması dənizin səviyyəsində illik 20–25 sm enmə yaradır. Bu tendensiya davam edərsə, qarşıdakı beş və on il üçün dəqiq proqnozlar formalaşdırmaq mümkündür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.