UNEC nümayəndə heyəti Malayziyaya işgüzar səfər edib
Rektor Ədalət Muradov INTI Beynəlxalq Universiteti ilə akademik əməkdaşlıq imkanlarını müzakirə edib və qarşılıqlı Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya işgüzar səfər həyata keçirir.
Səfərin ilk günündə UNEC nümayəndələri ölkənin aparıcı ali təhsil müəssisələrindən olan INTI Beynəlxalq Universitetində olublar. Universitetin direktoru AP TS Dr. Choo Won Onn UNEC heyətinə idarəetmə modeli, təhsil strategiyası, texnoloji təminat və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə ətraflı məlumat verib, tərəflər arasında əməkdaşlığın qarşılıqlı faydalı olacağı qeyd edilib.
Rektor Ədalət Muradov UNEC-in beynəlxalq əməkdaşlıq strategiyasını təqdim edərək, Malayziya universiteti ilə əməkdaşlığın tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələri və akademik inkişaf sahələrində əhəmiyyətli nəticələr verəcəyini bildirib.
Görüş zamanı ikili diplom proqramları, birgə tədqiqat layihələri, tələbə-müəllim mübadiləsi və idarəetmə sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Sonda UNEC və INTI Beynəlxalq Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Memorandum akademik tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi və yeni layihələrin reallaşdırılmasını nəzərdə tutur.
UNEC nümayəndələri həmçinin INTI Universitetinin müasir infrastrukturu, sosial mühiti, tədris və texniki imkanları, kitabxana və laboratoriya kompleksləri ilə tanış olublar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.