Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sosial şəbəkədə hakimləri təhqir edən şəxsə 2 il həbs cəzası verildi

Beş hakimin xüsusi ittihamı əsasında məhkəmə Hikmət Şükürovdan ümumilikdə 50 min manat təzminat tutulmasına qərar verdi.

33

Sosial şəbəkələrdə beş hakimə qarşı təhqiramiz ifadələr işlədən və onları rüşvət almaqda ittiham edən Masallı sakini Hikmət Şükürov barəsində cinayət işi açılıb və o, azadlıqdan məhrum edilib. Hakimlərdən hər biri 50 min manat məbləğində mənəvi təzminat tələb edib.

İddiaya görə, 1962-ci il təvəllüdlü Hikmət Şükürov beş hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Şikayətə səbəb onun sosial şəbəkələrdə həmin hakimlər barədə təhqiramiz paylaşımlar etməsi və rüşvət iddiaları səsləndirməsi olub.

Məlumata görə, Şükürovun bu davranışı bacısı oğlu Sabit Əliyev barəsində çıxarılmış xuliqanlıq hökmü ilə bağlı narazılığından qaynaqlanıb. Sabit Əliyevin cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda ittihamedici hökm elan edilərkən Hikmət Şükürov məhkəmə zalında hakimləri təhqir edib.

Polis əməkdaşlarının onu sakitləşdirməsinə baxmayaraq, o müqavimət göstərib və buna görə 8 sutka inzibati qaydada həbs olunub. Həbsdən çıxdıqdan sonra da sosial şəbəkələrdə hakimləri yenidən təhqir edib və açıq şəkildə rüşvət almaqda ittiham edib.

O, müxtəlif paylaşımların şərh bölmələrində Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, hakim Elşən Təbrizoviç, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, hakim Elçin Xasməmmədov və Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevi, həmçinin onların ailə üzvlərini təhqir edib.

Hakimlər xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək Şükürovun cinayət məsuliyyətinə cəlb edilməsini və hər birinə 50 min manat mənəvi təzminat ödənilməsini tələb ediblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət Şükürov böhtan və təhqir maddələri üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin hər bir hakimin xeyrinə 10 min manat olmaqla ümumilikdə 50 min manat təzminatın Şükürovdan tutulmasına qərar verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.