Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Konstitusiya və Suverenlik İli” hüquqi, tarixi və müasir perspektivlər

Konstitusiya və Suverenlik İli

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun inkişafı istiqamətində strateji əhəmiyyət kəsb edən qərarlardan biridir. Bu mühüm təşəbbüs həm Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi, həm də Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümü ilə səsləşərək, dövlət tariximizin və hüquqi düşüncəmizin vacib mərhələsini ifadə edir. Beləliklə, “Konstitusiya və Suverenlik İli” həm dövlətin ali hüquqi sənədinə hörmətin artırılması, həm də milli suverenliyin ictimai şüurda daha dərindən mənimsənilməsi baxımından mühüm ideoloji-siyasi hadisə kimi dəyərləndirilir.

Konstitusiya və suverenlik anlayışları müasir Azərbaycan dövlətçiliyinin təməl sütunlarını təşkil edir. Konstitusiya — dövlətin ali hüquqi aktı olaraq xalqın iradəsini əks etdirir, dövlət hakimiyyətinin təşkili, insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi üçün normativ baza yaradır. Suverenlik isə dövlətin daxili və xarici siyasətdə müstəqil qərar qəbul etmək, öz ərazisində ali hakimiyyətə sahib olmaq və beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmək hüququnu təsbit edir. Bu iki dəyərin vəhdəti, həm dövlətin dayanıqlı inkişafını, həm də xalqın öz taleyini azad şəkildə müəyyən etmək imkanını təmin edir.

Azərbaycan xalqı tarix boyu müstəqillik və suverenlik uğrunda mübarizələr aparmış, dövlətçilik irsini qoruyub saxlamışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi xalqımızın dövlət qurmaq bacarığını nümayiş etdirmiş, lakin bu müstəqillik bolşevik işğalı nəticəsində cəmi 23 ay davam etmişdir. Bununla belə, Cümhuriyyət ideyası sonrakı nəsillər üçün azadlıq düşüncəsinin simvoluna çevrilmişdir. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etmiş, lakin bu dövr ölkənin siyasi sabitlik, iqtisadi gerilik və hərbi təcavüz kimi ağır sınaqlarla üzləşdiyi mərhələ olmuşdur.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasını təmin etmiş, müstəqil və suveren dövlətin qurulması üçün yeni mərhələ açmışdır. Onun rəhbərliyi ilə siyasi sabitlik bərpa edilmiş, hüquqi islahatlar başlanmış və nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi nəticəsində Azərbaycanın ilk milli Konstitusiyası qəbul olunmuşdur. Bu sənəd müasir dövlət quruculuğunun hüquqi təməlini yaratmış, dövlət hakimiyyətinin bölünməsi, insan hüquq və azadlıqlarının təminatı, demokratik idarəetmə prinsipləri kimi əsas dəyərləri təsbit etmişdir. Əsas Qanunun 2-ci maddəsində suverenlik anlayışının xüsusi vurğulanması Azərbaycanın beynəlxalq hüquq subyekti kimi mövqeyini möhkəmləndirmiş, dövlət müstəqilliyinin qorunması və idarəetmənin hüquqi əsaslar üzərində qurulması üçün sabit zəmin yaratmışdır.

Sonrakı illərdə aparılan konstitusiya islahatları dövlət idarəetmə mexanizmini müasirləşdirmiş, hüquqi və institusional islahatların dinamik inkişafına şərait yaratmışdır. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəetməsində çeviklik, şəffaflıq və hesabatlılıq prinsiplərini möhkəmləndirmiş, vətəndaş hüquqlarının təminatını gücləndirmişdir.

Azərbaycanın müasir dövr tarixi göstərir ki, dövlət suverenliyinin möhkəmləndirilməsi hüquqi, hərbi və siyasi proseslərin sintezində mümkün olmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə həm dövlətin ərazi bütövlüyünün, həm də Konstitusiya quruluşunun bərpası baxımından dönüş nöqtəsi idi. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri tam bərpa olundu. Ardınca 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya suverenliyi bütövlükdə təmin edildi. Bu reallığın hüquqi təsdiqi olaraq 2024-cü ilin sentyabrında Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 20 sentyabr “Dövlət Suverenliyi Günü” kimi təsis olundu.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması hüquqi dövlət quruculuğunun inkişafında yeni mərhələdir. Bu il ərzində həyata keçiriləcək tədbirlər dövlətçilik dəyərlərinin təbliği, konstitusiya maarifçiliyinin gücləndirilməsi, hüquq sisteminin müasirləşdirilməsi və vətəndaş məsuliyyətinin artırılmasına yönələcəkdir. Orta və ali təhsil müəssisələrində Konstitusiyanın mahiyyətinə dair dərslərin keçirilməsi, hüquqşünaslar və tələbələr üçün elmi konfransların təşkili, hüquqi islahatların müzakirəsi, dövlət suverenliyinə həsr olunmuş sərgilər və sənədli filmlərin hazırlanması kimi təşəbbüslər planlaşdırılmışdır.

Bu tədbirlər yalnız yubiley xarakteri daşımır: onlar dövlətin hüquqi təməl prinsiplərinin ictimai dəyərlər sistemi ilə vəhdətini möhkəmləndirir, gənc nəslin dövlətçilik düşüncəsini və milli kimlik şüurunu inkişaf etdirir. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsini gücləndirən bu il həm də Azərbaycan xalqının tarixi qələbələrinin və hüquqi irsinin vəhdətini təcəssüm etdirəcəkdir.

Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, suverenliyimiz isə dövlətimizin varlığının və gücünün rəmzidir. Bu iki ali dəyərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Qanunun aliliyinə, dövlətin suverenliyinə və xalqın iradəsinə əsaslanan bu yol müasir Azərbaycanın gələcək inkişafının ən möhkəm zəmanətidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.