Vergilərin bir hissəsi bölgələrdə qalsın – Yeni təklif gündəmdə
Regional inkişaf və sosial rifah üçün yerli büdcələrin gücləndirilməsi təklif olunur
Gələcəkdə normadan artıq vergi toplayan regionların müəyyən faizlərinin həmin bölgələrin özündə qalması təklif olunur. Bu vəsaitlər yerli abadlıq və quruculuq işlərinə, şəhid və qazi ailələrinin sosial dəstəyinə, eləcə də şəhər infrastrukturunun inkişafına yönəldilə bilər. Belə yanaşma regionlar arasında sağlam rəqabət mühitinin formalaşmasına da xidmət edəcək.
Bu təklifi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Deputat həmçinin Naxçıvan Muxtar Respublikası ilə bağlı bir sıra vacib məqamları diqqətə çatdırıb. O bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində dörd əsas istiqamət üzrə tədbirlər həyata keçirilir: azad iqtisadi zonanın yaradılması, turizmin inkişafı, su təchizat sisteminin qurulması və yeni elektrik, alternativ enerji sistemlərinin təmin edilməsi.
Siyavuş Novruzov vurğulayıb ki, bu layihələrin səmərəli icrası üçün mərkəzi qurumlar Naxçıvana texniki dəstək göstərməlidirlər: sənədləşmə və icra prosesi sürətləndirilməli, bölgənin inkişaf potensialı tam şəkildə reallaşdırılmalıdır.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin əsas keçid nöqtəsi məhz Naxçıvan Muxtar Respublikasıdır və bu səbəbdən bölgədə infrastruktur layihələrinin icrasına elə indidən başlanması vacibdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.