Milli Məclis 2026-cı ilin dövlət büdcəsini müzakirə edir
Gələn ilin büdcə gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat həcmində proqnozlaşdırılır
Azərbaycan Respublikasının Milli Məclisində Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, eləcə də Regional məsələlər komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyinə əsasən, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.
Sənədə görə, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703 milyon 600 min manat həcmində müəyyənləşdirilib.
Büdcənin mərkəzləşdirilmiş gəlirləri 37,85 milyard manat, yerli gəlirləri isə 758 milyon manat təşkil edir. Xərclərin 40,94 milyard manatı mərkəzləşdirilmiş, 759 milyon manatı isə yerli səviyyədə nəzərdə tutulur.
Şəhər və rayonlar üzrə gəlirlərin ümumi məbləği 16,91 milyard manat, yerli xərclər isə 759 milyon manat olaraq proqnozlaşdırılıb.
Hökumətin 2026-cı il üzrə daxili borclanma limiti 2 milyard manat, xarici borclanma limiti isə 6 milyard manat həcmində təklif edilir. Dövlət zəmanətləri üçün nəzərdə tutulan yuxarı hədd 3 milyard manat olacaq.
Büdcə kəsirinin yuxarı həddi 3 milyard 94 milyon 600 min manat səviyyəsində müəyyən edilib. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmə gəlirləri, daxili və xarici borclanma, eləcə də dövlət büdcəsinin vahid xəzinə hesabındakı vəsait hesabına təmin ediləcək.
İcmal büdcə kəsirinin yuxarı həddi isə 16 milyard 902 milyon manat səviyyəsində müəyyənləşdirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.