Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Rus evi” bağlanır – Moskva narazıdır

Yeni kabinetin ilk qərarlarından biri Rusiya ilə mədəniyyət sazişinin dayandırılması oldu

50

Moldovanın yeni hökuməti Kişinyovda fəaliyyət göstərən Rusiya Elmi və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib. Qərar Baş nazir Aleksandr Munteanunun rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin ilk iclasında təsdiqlənib.

Mədəniyyət naziri Kristian Jardyanın təqdim etdiyi qərar layihəsinə əsasən, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova–Rusiya sazişi çərçivəsində yaradılmışdı. Həmin saziş mədəni, elmi və humanitar əlaqələrin inkişafına yönəlmiş, 2001-ci il iyulun 4-də qüvvəyə minmişdi.

Nazir bildirib ki, 2022-ci il fevralın 24-dən sonra “Rus evi” tədricən Rusiyanın Moldovaya qarşı “hibrid müharibə vasitəsinə” çevrilib. Onun sözlərinə görə, hazırkı geosiyasi vəziyyət bu sazişin davam etdirilməsini mümkünsüz edir və mərkəz Rusiya tərəfindən dezinformasiya yaymaq üçün istifadə oluna bilər.

Kristian Jardyan həmçinin qeyd edib ki, Moldovanın Rusiya ərazisində oxşar mədəniyyət mərkəzi mövcud deyil. O vurğulayıb ki, sazişdə ləğvetmə mexanizmi birbaşa göstərilməsə də, sənəd hər beş ildən bir avtomatik uzadılır. Əgər tərəflərdən biri qarşı tərəfi ən azı altı ay öncədən məlumatlandırarsa, müqavilənin qüvvəsi dayandırıla bilər. Hazırkı müddətin 2026-cı il iyulun 4-də başa çatacağını deyən nazir, sənədin daha uzadılmamasını təklif edib.

Qərar hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verərək, Moskvanın bu qərara “təəssüflə yanaşdığını” bildirib. O vurğulayıb ki, Moldova hökumətinin qərarı “ölkə vətəndaşlarının maraqlarını nəzərə almır və ikitərəfli münasibətlərə zərbə vurur”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.