Veteranlara torpaq verilsin, 80 manat ləğv edilsin – Yeni təklif gündəmdə!
REAL Partiyasının sədri Natiq Cəfərli Qarabağ qazilərinə torpaq sahələrinin verilməsini və aylıq ödənişlərin dayandırılmasını təklif edib.
REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Qarabağ qaziləri və müharibə veteranları ilə bağlı yeni təşəbbüs irəli sürüb. Onun fikrincə, hər bir veteran azad edilmiş ərazilərdə torpaq payı ilə təmin olunmalı, bunun əvəzində hazırda verilən 80 manatlıq aylıq ödəniş ləğv edilməlidir.
Natiq Cəfərli bildirib ki, türklərin və digər qədim xalqların ənənəsində hər bir qalib döyüşçü zəfərdən pay alırdı. Onun sözlərinə görə, tarix boyu türklər qalib gələn alpı, qazini, şəhid ailələrini hörmətlə mükafatlandırıblar və bu, həm mənəvi, həm də ədalətli bir törədir.
Partiya sədri vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edən nadir ölkələrdəndir və bu qələbənin memarı xalq və əsgərlərdir. O, veteran təqaüdlərinin iki dəfə artırılmasının büdcəyə böyük yük gətirməyəcəyini, lakin problemi köklü həll etməyin daha doğru olacağını bildirib.
Onun sözlərinə görə, 184 mindən çox veteran var və onlara ayda 80 manat təqaüd ödənilir. Bu məbləği ikiqat artırmaq mümkündür, amma daha düzgün addım onların Qarabağda torpaq payı ilə təmin olunması olardı.
Cəfərli hesab edir ki, azad edilmiş ərazilərdə torpaq mülkiyyəti məsələsi hələ tam həll edilməyib və bu, iqtisadi canlanmanın qarşısını alır. O təklif edib ki, veteranlara 20 sot torpaq verilsin və onlara həmin sahədən istədikləri kimi istifadə etmək – satmaq, icarəyə vermək və ya ev tikmək hüququ tanınsın. Onun fikrincə, bu, həm ədalətli, həm də iqtisadi baxımdan faydalı qərar olardı.
Sədr əlavə edib ki, belə bir addım həm mülkiyyət münasibətlərini inkişaf etdirəcək, həm də Qarabağın bərpasında və orada məskunlaşmada mühüm rol oynayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.