Robot Olimpiadasında qalmaqal böyüyür
Qaliblərin nəticələrinin “plagiat” iddiası ilə ləğvi valideyn və təlimçiləri ayağa qaldırdı — Nazirlik araşdırmaya başladı.
VIII Respublika Robot Olimpiadasında qalib gələn bəzi komandaların nəticələrinin ləğvi valideynlər və təlimçilər arasında ciddi narazılıq yaradıb.
Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda birinci və ikinci yerləri tutan bir neçə komandanın nəticələri “plagiat” iddiası ilə etibarsız sayılıb.
Valideynlər və təlimçilər isə bu qərarı ədalətsiz hesab edirlər. Onlar bildiriblər ki, yarışın nəticələri əvvəlcədən müəyyənləşdirilib və mükafatlar əsasən təşkilatçı qurumun tələbələrinə verilib.
“Uşaqlarımız birinci yeri tutmuşdular, hətta Sinqapura beynəlxalq yarışa gedəcəkləri deyilmişdi. Sonradan bizə robotların guya oxşar olması səbəbilə nəticələrin ləğv edildiyi bildirildi. Amma onların yerinə keçənlərin hamısı AREA tələbələridir”, – deyə valideyn Nailə Namazova bildirib.
AREA-nın direktoru Rəhman Rəsulzadə isə ittihamları rədd edib və qeyd edib ki, bütün qərarlar faktlara əsaslanıb, valideynlərlə məsələ ətrafında görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən isə bildirilib ki, məsələ hazırda araşdırılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.