Qanunsuz “orden və medallar” hazırlayan QHT rəhbərləri məsuliyyətə cəlb olundu
Minlərlə “dövlət mükafatı” pulla satılıb, 8 mindən çox şəxsə təqdim edilib
Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları tərəfindən qanunsuz şəkildə orden və medalların hazırlanaraq müxtəlif şəxslərə təqdim edilməsi faktları aşkarlanıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı bəzi QHT rəhbərlərinin öz səlahiyyətlərini aşaraq saxta mükafatlar hazırlayıb satdıqları müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi”, “Qarabağ Əlillərinə Qayğı”, “Sabitlik və İnkişaf Mərkəzi”, “Beynəlmiləlçi Əlil Döyüşçülər” və “Dədə Qorqud Xeyriyyə” kimi ictimai birliklərin və fondların rəhbərləri qanunsuz şəkildə müxtəlif adda orden və medallar təsis ediblər.
Bu mükafatlar çox vaxt şəxsi münasibətlər və ya müəyyən məbləğlər qarşılığında vətəndaşlara təqdim olunub.
İstintaq zamanı 1 518 ədəd orden və medal, 777 vəsiqə, 7 kitabça və 8 069 nəfərə təqdimatla bağlı siyahılar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Toplanmış sübutlara əsasən, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev barəsində Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham irəli sürülüb. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Prokurorluq orqanları bildiriblər ki, oxşar faktlarla bağlı istintaq hərəkətləri davam etdirilir və qanunsuz fəaliyyət göstərən digər QHT rəhbərlərinin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
İbtidai istintaq davam edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.