Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəbələdə beynəlxalq zirvə

Heydər Əliyev Konqres Mərkəzi dünya liderlərini qəbul edir

13

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Liderlər tədbir üçün Heydər Əliyev Konqres Mərkəzində toplaşıblar. Mərkəz şəhərin mərkəzindən təxminən 4 km aralıda yerləşir və 2012-ci ilin may ayında layihələndirmə və tikinti işlərinə başlanmış, 2013-cü ilin iyul ayında tamamlanmışdır. Açılış mərasimi bir ay sonra Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

Konqres Mərkəzi 8,5 hektar əraziyə malikdir və üç mərtəbədən ibarətdir. Binanın dizaynında istifadə olunan ağ, yaşıl və qızılı rənglər həm təbiəti, həm təbii sərvətləri, həm də müasirliyi simvolizə edir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Binanın xarici görünüşündə 6 qüllə20 metr diametrli günbəz diqqət çəkir.

İkinci mərtəbədə isə 1200 yerlik konfrans zalı, səhnə, 4 VIP otaq, media və artist otaqları, mühafizə otaqları və geniş foye mövcuddur. Konfrans zalı qısa müddətə kresloların aşağı enməsi ilə müstəvi səthə çevrilə bilir, səhnəsi isə 92 m² olmaqla qalxıb-enən platforma üzərində quraşdırılıb. Binada həmçinin 18 metrlik eskalatorlar və liftlər mövcuddur.

Zirzəmidə isə ATS, yanğınsöndürmə otaqları, anbar, 5769 m² avtomobil dayanacağı, media otaqları və foye yerləşir. Ərazidə 140 yerlik yeraltı qaraj tikilib ki, bir hissədə minik avtomobilləri, digər hissədə isə avtobuslar yerləşdirilir. Binanın qarşısında, çay üzərində eni 24 metr, uzunluğu 42 metr olan və 100 ton yükgötürmə qabiliyyətinə malik körpü quraşdırılıb.

Heydər Əliyev Konqres Mərkəzi tam təhlükəsizlik və mühafizə sistemləri ilə təmin olunub. Bina və ətraf ərazi video nəzarətinə, yanğın siqnalizasiyasına və sprinkler sistemlərinə malikdir. Ərazidə dekorativ yaşıllıq, bayraq meydanı və çay sahilində daşlar yerləşdirilib.

Konqres Mərkəzi bu geniş və müasir infrastrukturu ilə həm önəmli beynəlxalq tədbirlər, həm də dövlət səviyyəli iclaslar üçün ideal məkandır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.