Gürcüstanda diplomatik gərginlik
Qərb diplomatlarının hərəkətləri dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir
Gürcüstan parlamentindəki hakim “Gürcü Arzusu” fraksiyasının rəhbəri İrakli Kirtsxaliya bəzi Qərb ölkələrinin səfirlərinin ölkədən çıxarılması məsələsinə dair sərt açıqlama verib. Onun sözlərinə görə, xüsusilə Ukraynada müharibənin başlanmasından sonra Gürcüstanda akkreditə olunmuş bir sıra Avropa və Avropa İttifaqı ölkələrinin səfirlərinin davranışları diplomatik çərçivələri aşaraq, dövlətin daxili işlərinə açıq müdaxilə xarakteri daşıyır.
Kirtsxaliya bildirib ki, cəmiyyət hökumətdən bu cür qeyri-diplomatik və dost olmayan davranışlara qarşı tədbir görməsini tələb edir. Lakin o, eyni zamanda qeyd edib ki, hakimiyyət səbirli siyasət yürüdərək, səfirlərin ölkədən çıxarılması kimi kəskin addımlardan çəkinir. Bu qərarın səbəbi diplomatik gərginliklərin yaranma ehtimalı və iki ölkə arasındakı münasibətlərin pisləşmə riskidir.
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri günü müxalifət mitinqi keçirilib. Etirazçılar hakimiyyətin devriləcəyini bəyan edib, prezident iqamətgahına doğru hərəkət edərək hasarları dağıtmağa cəhd göstəriblər. Lakin xüsusi təyinatlı qüvvələr su şırnaqları və gözyaşardıcı qaz istifadə edərək kütləni dağıdıblar.
Hakimiyyət nümayəndələri Qərb səfirlərini radikal müxalifətə dəstək verməkdə ittiham ediblər. Bildirilir ki, bəzi səfirlər aksiyadan əvvəl müxalifət liderləri ilə görüşlər keçirib, bu da hökumətin narazılığına səbəb olub və diplomatik münasibətlərin gərginləşməsinə yol açıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.