Mingəçevirdə Anım Gününə həsr olunmuş ehsan mərasimi keçirildi
Şəhidlərin xatirəsi ehtiramla yad olundu, ailələrinə dəstək göstərildi
Sentyabrın 27-də Anım Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun təşəbbüsü ilə Xarı Bülbül salonunda ehsan süfrəsi açılıb. Tədbirdə icra aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının üzvləri, bələdiyyə nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi dərin hörmətlə anılıb. Daha sonra çıxış edən icra başçısı İlham İsmayılov ötən əsrin sonlarında erməni silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi təxribatlardan, ərazilərimizin işğalı illərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işləri xatırladaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib. Qeyd edib ki, güclənən Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı.
Çıxışında icra başçısı şəhidlərin müqəddəs xatirəsinin xalqın qəlbində əbədi yaşayacağını vurğulayıb, ailələrinə səbir, qazilərə sağlamlıq arzulayıb. Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid anaları və qazilər də söz alaraq qəhrəman oğullarımızın igidliyindən danışıb.
Mərasimin sonunda ehsan süfrəsi təşkil olunub. Eyni zamanda, Anım Günü ilə əlaqədar şəhərin idarə və müəssisələrində silsilə tədbirlər, konfranslar və ədəbi-bədii kompozisiyalar keçirilib. Şəhər İcra Hakimiyyəti tərəfindən 46 şəhid ailəsinə maddi dəstək göstərilərək, hər birinə 300 manat yardım edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.