Mingəçevirdə və Kürdə qanunsuz balıq ovuna zərbə
Reydlərdə minlərlə manatlıq ekoloji ziyan üzə çıxarıldı
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə qanunsuz balıq ovuna qarşı daha bir uğurlu əməliyyat həyata keçirib.
Mingəçevir su anbarında keçirilən yoxlama zamanı balıqçılıq bileti olmadan ov edən bir neçə şəxs saxlanılıb. Onlardan 2 dəmir qayıq, 4 avar, müxtəlif balıq növlərindən ibarət 260-dan çox balıq və 2 tor müsadirə edilib. Araşdırmalar nəticəsində həmin şəxslərin təbiətə 8 715 manat ziyan vurduğu müəyyən olunub.
Kür çayının Tovuz rayonu ərazisində aparılan nəzarət tədbirləri isə daha təhlükəli qanun pozuntusunu üzə çıxarıb. Burada elektrik cərəyanı vasitəsilə balıq ovu edən şəxslər saxlanılıb. Onlardan rezin qayıq, xüsusi avadanlıq və 93 ədəd xramulya balığı götürülüb. Təbiətə vurulan ziyanın məbləği 1 023 manat dəyərində qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.
Ümumilikdə, keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu səbəbindən təbiətə 9 198 manat ziyan dəydiyi müəyyən olunub. Məsələ ilə bağlı qanuni tədbirlər görülüb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.