Azərbaycanda ilk dəfə robotik cərrahiyyə əməliyyatı həyata keçirildi
Milli Onkologiya Mərkəzində aparılan əməliyyat ölkə səhiyyəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir
Azərbaycanda ilk dəfə robot-assistentli laparoskopik əməliyyat uğurla icra olunub. Əməliyyat Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində həyata keçirilib və bu hadisə ölkə səhiyyəsi üçün inqilabi mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Robotik cərrahiyyə avadanlığı Çin Xalq Respublikasının “Kangduo” şirkəti tərəfindən təqdim olunaraq Mərkəzdə quraşdırılıb. Əməliyyata hazırlıq mərhələsində həkimlər və tibb personalı şirkətin Çindən və Qazaxıstandan dəvət olunmuş mütəxəssislərinin iştirakı ilə xüsusi təlimlərdən keçib. İlk əməliyyat robot-assistentli histerektomiya olub. Prosesin ilkin mərhələləri Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev, sonrakı mərhələləri isə ixtisaslı həkimlər tərəfindən uğurla icra edilib.
Sentyabrın 24-də səhiyyə naziri Teymur Musayev əməliyyat prosesini izləyib və qeyd edib ki, bu addım ölkə səhiyyəsində mühüm yenilikdir:
“Robotik cərrahiyyə müasir tibbin zirvəsidir və artıq Azərbaycanda tətbiq olunması çox əlamətdar hadisədir. Bu nailiyyət Milli Onkologiya Mərkəzinin kollektivinin böyük zəhməti və dövlətin səhiyyəyə göstərdiyi xüsusi diqqətin nəticəsidir”.
Nazir vurğulayıb ki, robotik cərrahiyyə əməliyyatları pasiyentlərə minimal travma ilə orqanqoruyucu üsullarla müalicə imkanı yaradır və onların qısa müddətdə normal həyata qayıtmasına şərait yaradır. Onun sözlərinə görə, bu metodun tətbiqi ilə Azərbaycanda yeni nəsil mütəxəssislərin hazırlanması da sürətlənəcək.
Hazırda Milli Onkologiya Mərkəzində ginekologiya, urologiya, abdominal cərrahiyyə və koloproktologiya sahələrində robot-assistentli əməliyyatların genişləndirilməsi planlaşdırılır. Nazir əlavə edib ki, mərhələli şəkildə digər tibb müəssisələrində də bu texnologiyanın tətbiqi nəzərdə tutulur.
Robotik cərrahiyyənin tətbiqi sayəsində artıq Azərbaycanın xəstələri beynəlxalq standartlara uyğun ən müasir müalicə üsullarına yerli səhiyyə müəssisələrində çıxış əldə edə bilirlər. Bu, tibbin gələcəyi deyil, artıq bu günün reallığıdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.