Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rayonlarda ev və torpaq bahalaşır – səbəblər açıqlandı

Turizmin inkişafı bölgələrdə qiymətləri paytaxt səviyyəsinə qaldırıb

14

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Əvvəllər alıcıların diqqəti əsasən Bakıya və yaxın ərazilərə yönəlsə də, indi regionlara maraq xeyli güclənib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, turistik bölgələrdə fərdi evlər və torpaq sahələrinin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri pandemiya dövründə ölkənin quru sərhədlərinin bağlanmasıdır.

“Əhali xaricə gedə bilmədiyi üçün daxili turizm sürətlə inkişaf etdi. Bu da bölgələrdə torpağa və daşınmaz əmlaka tələbatı artırdı. Hazırda turizm mövsümündə həmin bölgələrdə evlərin günlük kirayə qiymətləri 50 manatdan başlayaraq 500-600 manata qədər yüksəlir. Bəzi hallarda bu, Bakıyla müqayisədə daha yüksəkdir”, – deyə ekspert vurğulayıb.

E.Fərzəliyev əlavə edib ki, investorlar və iş adamları turistik zonalarda torpaq alaraq villa və fərdi evlər tikir, daha sonra isə icarəyə verərək gəlir əldə edirlər. Bununla yanaşı, artan insan axını bölgələrdə otel, kafe və restoranların inşasını da sürətləndirib ki, bu da bazardakı qiymət artımını daha da gücləndirib.

Ekspertin sözlərinə görə, xüsusilə Quba, Qusar, Qəbələ, Şəki və digər turistik rayonlarda torpaq sahələrinin qiymətlərində davamlı artım müşahidə olunur:
“Quru sərhədlərin hələ də bağlı qalması daxili turizmi daha da stimullaşdırıb və bu, torpaq bazarına birbaşa təsir edir”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.