Rusiyanın yeni hücum dalğası Ukraynanı silkələdi
Hədəfə alınan şəhərlərdə dağıntılar var, ABŞ ilə silah sazişi gündəmdədir
Ötən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Prezident Volodimir Zelenskinin sözlərinə görə, ölkə ərazisinə təxminən 90 zərbə dronu göndərilib.
Ukrayna ordusu hücumun böyük hissəsini zərərsizləşdirsə də, bir sıra vilayətlər zərər görüb. Dronlar Donetsk, Kiyev, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk istiqamətlərini hədəfə alıb. Nəticədə iki nəfər xəsarət alıb, Kiyevdə isə ictimai nəqliyyat infrastrukturu dağıdılıb. Hazırda bərpa işləri davam etdirilir.
Zelenski bildirib ki, hücumlar beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ-ın sülh çağırışları fonunda baş verir:
“Mülki obyektlərin hədəfə alınması Rusiyanın diplomatiyadan imtina etdiyini göstərir. Buna görə də daha qətiyyətli addımlar atılmalıdır.”
Prezident, həmçinin ABŞ ilə dronlar və silah tədarükü üzrə iri sazişlərin müzakirə olunduğunu vurğulayıb və Ukraynaya dəstək verən bütün tərəflərə təşəkkürünü çatdırıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.