Rusiya və Hindistanın Azərbaycana dair ŞƏT planı – Deputatın açıqlaması
Azərbaycanın ŞƏT üzvlüyünün bloklanması və beynəlxalq siyasətdə mövqeyi
Milli Məclisin deputatı Sevinc Fətəliyeva Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə veto qoymasına münasibət bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətində dünya ölkələri və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq önəmli yer tutur və ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur.
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Ölkəmizin Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, Transxəzər marşrutu və Zəngəzur dəhlizi kimi layihələr ŞƏT üçün Azərbaycanın əhəmiyyətini yüksəldir. Hal-hazırda ölkəmiz bu təşkilatda dialoq tərəfdaşı statusunda iştirak edir və əksər üzv dövlətlər Azərbaycanın tamhüquqlu üzv olmasını dəstəkləyir.
Lakin Hindistan öz siyasi maraqları səbəbilə Azərbaycanın üzvlüyünü bloklayıb. Deputat əlavə edib ki, bu prosesdə Rusiya da iştirak edib:
“Rusiya Xarici İşlər Nazirliyi bu məsələdə əsas rol oynayıb. Hindistan və Rusiya arasında siyasi məsləhətləşmələr nəticəsində Azərbaycanın ŞƏT üzvlüyünün bloklanması ilə bağlı razılıq əldə olunub. Bu addım təəssüf doğurur və Azərbaycan-Rusiya münasibətlərində soyuqluğa səbəb olur.”
Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycanın ərazisinin böyüklüyü və ya kiçikliyindən asılı olmayaraq, bütün ölkələr bərabər hüquqlara malikdir və heç bir təzyiq Azərbaycanın müstəqil siyasətinə təsir göstərə bilməz.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.