Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə əmək yarmarkası keçirildi

Tədbirdə 19 müəssisə tərəfindən 140-dan çox vakansiya təqdim olundu

44

05 sentyabr 2025-ci il tarixdə saat 10:00-da Mərkəzi Aran Regional Məşğulluq Mərkəzinin filialı tərəfindən Mingəçevir şəhərində, Dostluq Parkında yerləşən “Gənclər evi”nin qarşısında növbəti əmək yarmarkası təşkil olunub.

Tədbirdə 19 müəssisə və təşkilat tərəfindən 140-dan çox boş iş yeri təklif edilib. Təqdim olunan vakansiyalar üzrə minimum əmək haqqı 400 manat təşkil edib, maksimum əmək haqqı isə vəzifədən asılı olaraq dəyişib.

Ümumi vakansiyalar sırasında fəhlə, sürücü, qənnadçı, paketləmə operatoru, kündəçi, anbar işçisi, xəmirçi, aşpaz və digər ixtisaslar yer alıb. Ali təhsil tələb edən vakansiyalar arasında isə kredit mütəxəssisi, əməyin təhlükəsizliyi mühəndisi, gəlirlər üzrə mühasib, ictimai əlaqələr üzrə mütəxəssis, direktor müavini, əməyin təhlili üzrə mütəxəssis və mühəndis kimi iş yerləri təqdim olunub.

Əmək yarmarkasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və icra aparatının məsul şəxsləri də iştirak ediblər. İlham İsmayılov işəgötürən təşkilatların nümayəndələri ilə görüşərək mövcud vakansiyalarla maraqlanıb. O, gələcəkdə keçiriləcək yarmarkalarda işaxtaranların prosesdə daha rahat iştirak edə bilməsi üçün təşkilatçılara monitorların quraşdırılmasını tövsiyə edib. Monitorlarda hər bir işəgötürən müəssisənin tələb etdiyi kriteriyalar əks olunduğu halda, namizədlərin özlərinə uyğun vakansiyaları daha tez müəyyənləşdirib müraciət etmələrinin mümkün olacağını bildirib.

Yarmarkada 250–300 nəfər işaxtaran iştirak edib. Onların CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.