Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sertifikasiyadan keçməyən müəllimlər haqlarını tələb edirlər

İşdən çıxarılan pedaqoqlar məhkəməyə müraciət edərək yenidən işlərinə bərpa olunmaq istəyirlər

15

Bu ilin iyun ayında keçirilmiş müəllimlərin təkrar sertifikasiya imtahanında uğursuz olan bir qrup pedaqoq məhkəməyə üz tutub.

Məlumata görə, imtahanda lazımi balı toplaya bilmədiyi üçün işdən azad edilən təxminən 10 müəllim Bakı İnzibati Məhkəməsinə müraciət edib. Onlar Elm və Təhsil Nazirliyindən, həmçinin regional təhsil idarələrindən işlərinə bərpa olunmalarını tələb ediblər.

Bakı İnzibati Məhkəməsi müraciətləri icraata qəbul etsə də, şikayətləri bölgələr üzrə aidiyyəti rayon və şəhər məhkəmələrinə göndərib. Beləliklə, müəllimlərin iddialarına yerli məhkəmələrdə baxılacaq.

Xatırladaq ki, 20 iyunda təşkil edilən təkrar sertifikasiya imtahanında ötən il nəticə göstərə bilməyən müəllimlər iştirak etmişdi. Ümumilikdə 3338 müəllim imtahana qatılıb. Onlardan 1328 nəfər keçid balını toplayaraq müsahibə mərhələsinə vəsiqə qazanıb. 2006 müəllim isə uğursuz nəticə göstərib. Bundan başqa, imtahana gəlməyən 334 nəfər sertifikasiya prosesindən kənarda qalıb. Qaydaları pozduğu üçün 4 müəllimin nəticəsi də etibarsız sayılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.