Tiencində Azərbaycan və Pakistan liderlərinin görüşü – qardaşlıq və həmrəylik mesajı
Prezident İlham Əliyev: Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür
Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin görüşü keçirilib.
Söhbət zamanı Pakistanın Baş naziri, Hindistanın bu ilin aprel-may aylarında həyata keçirdiyi hərbi təcavüz zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyin xalqı və dövləti üçün böyük mənəvi dayaq olduğunu vurğulayıb. O, bu həmrəyliyə görə Azərbaycan xalqına və dövlət başçısına dərin təşəkkürünü bildirib.
Prezident İlham Əliyev isə iki ölkə arasındakı münasibətlərin qardaşlıq təməllərinə söykəndiyini xüsusi qeyd edərək, Pakistanın Hindistan üzərində əldə etdiyi qələbə münasibətilə səmimi təbriklərini çatdırıb. Dövlət başçısı, Azərbaycanın Pakistana göstərdiyi qardaşlıq dəstəyinə görə Hindistanın beynəlxalq müstəvidə Azərbaycana qarşı qisasçı addımlar atmağa çalışdığını diqqətə çatdıraraq bildirib: “Bu, bizim üçün heç bir əhəmiyyət daşımır. Azərbaycan üçün ən ali dəyər qardaşlıq münasibətləridir”.
Görüş bir daha sübut edib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər sadəcə diplomatik əməkdaşlıqdan ibarət deyil, bu əlaqələr dərin tarixi köklərə, sarsılmaz dostluğa və birmənalı dəstəyə əsaslanır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.