Cəmiyyətimizin unudulan dəyərləri
Yaşlıya hörmət, zəifə dayaq olmaq – gələcək nəsillərə buraxacağımız ən dəyərli mirasdır.
Səhər işə gedirdim. Hər zaman istifadə etdiyim mikroavtobusa mindim, hündürdəki oturacaqlardan birində əyləşdim. Avtobus dolu idi, sakitcə gedirdik. Qapıya yaxın oturacaqlarda iki gənc qız oturmuşdu, təxminən 18-20 yaşlarında. Telefonlarına o qədər qapılmışdılar ki, sanki ətrafda dünya yox idi.
Bir az sonra, təxminən 60-65 yaşlarında, əlində əsa tutan yaşlı bir qadın avtobusa mindi. Qapının ağzında dayandı, əli əsirdi. O an içimdən keçirdim: “Qalxım ona yer verimmi?” Amma düşündüm ki, mənim oturduğum yer hündürdədir, qadın ora qalxana qədər marşrut hərəkət edəcək və əlində əsası olduğu üçün yıxılma ehtimalı var. Elə gözlədim ki, qapıya yaxın oturan o qızlardan biri durub yer versin. Amma yox… Sanki heç nə görmədilər, telefonlarına baxmaq daha vacib idi.
Mən dözmədim. Ayağa qalxdım, qadının qolundan tutub yavaşca oturacaqda əyləşdirdim. Onun üzündəki minnətdarlıq, verdiyi alqış və xeyir-dua var ha… – vallah, günümü işıqlandırdı. O baxış, o “çox sağ ol, bala” sözü mənim üçün hər şeydən daha dəyərli idi.
Düşünürəm ki, bəzən insanlar qanun olsun, cərimə olsun deyə yaxşılıq etməyi gözləyirlər. Amma belə şeylər qanunla ölçülmür axı… Bu, içdən gələn bir mədəniyyət, milli dəyərdir. Biz uşaqlıqdan böyüyə hörmət etməyi, ehtiyacı olanlara kömək göstərməyi öyrənmişik. Bəli, hələ də bu dəyərlərə sahib çıxan çoxlu insanlar var. Amma təəssüf ki, bəziləri telefon ekranına ilişib, ətrafdakı dünyanı görmür.
Məncə, məsələ sadəcə bir oturacaqda deyil. Bu, hörmət və diqqətin, insana dəyər verməyin göstəricisidir. Əgər biz böyüklərə hörmət etməsək, sabah bizə də hörmət etməzlər. Hər şey örnəkdən başlayır.
Gəlin elə edək ki, biz yaşlananda avtobusda ayaq üstə qalanda arxadan kimsə gülümsəyib “Buyurun, əyləşin” desin.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.