İxrac şaxəliliyi: Azərbaycanın üstünlükləri
Ticarət balansı göstərir: İtirən tərəf Azərbaycan deyil, Rusiya ola bilər
Ticarət münaqişələri adətən hər iki tərəf üçün zərərlidir. Lakin Azərbaycanın ixracatının müxtəlifliyi göstərir ki, Rusiya bazardan çəkilsə belə, bu, ölkəmizə ciddi təsir göstərməyəcək. Əksinə, vəziyyət Rusiyanın kənd təsərrüfatı və emal sənayesinə daha çox zərər verə bilər. Görünür, bu oyunda daha çox öz hesabını düşünməli olan tərəf Rusiyadır.
Ruasiya Dumasının deputatı Andrey Qurulyov deyir: “Əgər Rusiyanın satış rəflərində Azərbaycan məhsulları olmasa, bizim üçün dəyişən çox az olacaq. Amma onlar üçün vəziyyət tam fərqli olar.”
Ötən il Azərbaycanın qeyri-neft ixracında Rusiya birinci yeri tutub. İxrac edilən məhsullar arasında qidadan qeyri-yeyinti mallarına qədər geniş çeşid var. Cari ilin statistik göstəricilərinə görə, ötən aylar ərzində qeyri-neft ixracı təxminən 580 milyon dolları ötüb və ilin sonuna qədər artım proqnozlaşdırılır.
Azərbaycanın ixracı yalnız bir bazara bağlı deyil. Yerli istehsalçılar məhsullarını Türkiyə, Avropa İttifaqı ölkələri, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya bazarlarına da çıxarırlar. İqtisadçıların fikrincə, Rusiya bazarının Azərbaycandan imtina etməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək, çünki Rusiyaya ixrac edilən məhsullar ümumi ixracatın cəmi 4,4%-ni təşkil edir.
Ticarət dövriyyəsinə baxdıqda, 4,8 milyard dollarlıq dövriyyənin 3,6 milyard dolları Rusiyadan idxala aiddir. Yəni 2024-cü ildə Azərbaycan Rusiyadan təxminən 3,6 milyard dollarlıq məhsul alıb, əvəzində yalnız 1,1 milyard dollarlıq məhsul ixrac edib. Bu isə göstərir ki, fayda baxımından Rusiya Azərbaycandan daha çox qazanır.
Ümumilikdə, Azərbaycan-Rusiya ticarət əlaqələrində azalma, xüsusilə Azərbaycan məhsullarının Rusiya bazarına çıxışında çətinliklər yaransa belə, ölkənin makroiqtisadi sabitliyinə ciddi təsir göstərməyəcək. Statistik rəqəmlər və ekspert rəyləri göstərir ki, Azərbaycanın ixrac portfeli kifayət qədər şaxəlidir və potensial itki yalnız Azərbaycana düşməyəcək. Əksinə, mövcud ticarət balansına görə, Rusiya, xüsusilə aqrar və emal sənayesi sahəsində, Azərbaycan məhsullarından imtina etsə, daha çox itki ilə üzləşə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.