Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qadınlar sükan arxasında — AYNA-dan yeni təşəbbüs

Yeni təlim proqramı qadın sürücülərin ictimai nəqliyyatda sayını artırmağı hədəfləyir

13

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtda ictimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq məqsədilə xüsusi təlim proqramına başlayıb. Proqram namizədlərə avtobus sürücüsü peşəsini peşəkar şəkildə icra etmək üçün həm nəzəri, həm də praktiki biliklər qazandırmağı hədəfləyir.

Təlimlərin məzmunu yalnız idarəetmə bacarıqları ilə məhdudlaşmır. İştirakçılara etik davranış, ünsiyyət mədəniyyəti, təhlükəsizlik qaydaları və əlilliyi olan sərnişinlərlə düzgün münasibət qurma prinsipləri də öyrədilir. Məqsəd yol hərəkətinin təhlükəsizliyini qorumaqla yanaşı, sərnişinlərlə nəzakətli ünsiyyət quran, fövqəladə vəziyyətlərdə peşəkar davranış nümayiş etdirən qadın sürücülər yetişdirməkdir.

Praktiki dərslər zamanı qadın sürücülər baxış texnikası, manevretmə, dayanma və durma qaydaları, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyasının düzgün seçilməsi kimi mühüm mövzular üzrə məşğələlərə qatılırlar. Həmçinin, müxtəlif yol şəraitində qəza risklərini minimuma endirməyə yönəlik bacarıqlar da formalaşdırılır.

Proqramın yekun mərhələsində sürücülər xüsusi hazırlanmış marşrutlar üzrə sınaq idarəetməsinə çıxırlar. Bu mərhələdə onların nəzəri bilikləri və praktiki bacarıqları birlikdə qiymətləndirilir.

AYNA nümayəndələrinin sözlərinə görə, layihə qadınların nəqliyyat sektoruna daha çox inteqrasiyasını təşviq edəcək və ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.