İlham Əliyev və Nikol Paşinyan Vaşinqtonda sülh bəyannaməsi imzaladı
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə tərəflər sülh sazişinin paraflanmasına və ATƏT-in Minsk Qrupunun bağlanmasına razılaşıblar
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixində ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüş zamanı mühüm siyasi sənəd – Birgə Bəyannamə imzalayıblar.
Görüşdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib və tərəflərin razılaşdırılmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasına şahidlik edib. Liderlər sənədin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılmasının vacibliyini vurğulayıblar.
Birgə Bəyannamədə həmçinin ATƏT-in Minsk Qrupu prosesinin rəsmi şəkildə başa çatdırılması məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən təşkilata ünvanlanan müraciətə də toxunulub. Tərəflər ATƏT-ə üzv ölkələri bu qərarı qəbul etməyə çağırıblar.
Tərəflər regionda sabitliyin və rifahın təmin olunması üçün kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılmasının və Ermənistan üçün də qarşılıqlı faydalı nəqliyyat imkanlarının açılmasının əhəmiyyətini bir daha qeyd ediblər.
Ermənistan hökuməti ABŞ və digər tərəflərlə birgə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə əməkdaşlıq edəcəyini və bu məqsədə nail olmaq üçün qətiyyət göstərəcəyini bəyan edib.
Sənəddə, həmçinin, BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərin bir-birinin suverenliyinə hörmət etməsinin vacibliyi vurğulanır və münaqişədən sonrakı dövrdə yeni, sülhə əsaslanan münasibətlərin qurulması üçün şəraitin formalaşdığı qeyd olunur.
Tərəflər gələcəkdə hər hansı qisas cəhdini qətiyyətlə rədd etdiklərini bildiriblər və bu Zirvə görüşünün regionda sülh və əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayacağına inamlarını ifadə ediblər.
Bəyannamənin sonunda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa sülh prosesinə verdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.