Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da “ZƏFƏR Günü”nə həsr olunan dəyirmi masa

2024-cü il noyabrın 6-da Mingəçevir Dövlət Universitetində  “ZƏFƏR Günü”nə həsr olunan “Zəfərin zirvəsinə aparan qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, Təhsil fakültəsinin tələbə və magistrantları iştirak edib.  İlk növbədə, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova qeyd edib ki, bir neçə gündən sonra xalqımız şərəfli tarixini – Zəfər gününü qeyd edəcək. Dünyaya, düşmənə məğrur və yenilməz xalq olduğunu sübut edən,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələr darmadağın edilərək işğala son qoyuldu. Döyüşdən qorxub qaçan erməni silahlılarının Azərbaycan əsgəri qarşısında məğlub olduğunu bütün dünya gördü. Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkamları yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşırdı. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmalarından xilas etmək idi və etdi də. Noyabr ayının 8-də Şuşa şəhəri azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. “Dəmir yumruğ”un gücünə imzalanan bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Ölkəmizin tarixi qələbəsi, münaqişənin həlli regionun yenidən çiçəklənməsinə böyük stimuldur. Cənab Prezidentin də qeyd etdiyi kimi, bizə maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin əldə olunmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu oldu. Biz böyük ZƏFƏRİ əldə etdik.

Açılış nitqindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etidirilib. MDU-nun Təhsil fakültəsinin Tarix müəllimliyi ixtisasının tələbələrindən M.Qarayeva, A.Quliyeva, X.Məmmədli, T.Şıxməmmədova, S.Sadıqova, D.Cəfərli, S.Mehdiyev, A.Quluzadə, A.Quliyev, N. Soltanzadə, F.Qəhramanlı, X.Şərifov, A.Mirzəyeva, S.Musayev və V.Məmmədova çıxışlarında XX əsrin axırlarından etibarən Azərbaycanda baş verən hadisələri xronoloji ardıcıllıqla şərh etdilər. Tələbələrin çıxışları maraqla qarşılanıb, müzakirələr aparılıb.

Sonda  dəyirmi masa iştirakçılarına daha bir videoçarx təqdim olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.