Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurası üzvlərilə görüş keçirilib

11 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin (MDU) Tədris məsələləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, 2024/2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq, universitetin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirib.

Görüş zamanı Ü. Zeynalov universitetin yeni tədris ilinə hazırlıq səviyyəsi, tətbiq ediləcək yeniliklər və 2024/2025-ci tədris ilindən tələbə qəbulu aparılan ixtisaslar barədə məlumat verib. Prorektor, həmçinin tələbələrin tədris prosesinin səmərəli təşkili və kadr hazırlığının keyfiyyətinin artırılması üçün yaradılmış şərait və genişlənən əməkdaşlıqların əhəmiyyətindən danışıb.

İctimai Nəzarət Şurasının üzvləri MDU ailəsini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, universitetin hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər və müəyyən təkliflər irəli sürüblər. Şura üzvləri, həmçinin MDU-nun regionun və ölkənin qabaqcıl ali təhsil müəssisələri sırasına daxil olduğunu vurğulayıblar və universitetdə reallaşdırılacaq yeni layihələr barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU-nun İctimai Nəzarət Şurası 2019-cu ilin 28 dekabr tarixində yaradılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.