Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Murovdağ istiqamətində itkin düşən şəhid 30 ildən sonra torpağa tapşırılıb

Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlu dəfn edilib

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilib. Mərasimə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri,  hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri qatılıblar.

Şəhid Bəxtiyar Hümbətov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında, Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Şanlı üçrəngli Bayrağımız şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilib.

Şəhid Bəxtiyar Hümbətov 1974-cü ildə Yevlax şəhərində doğulub. Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib və 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşüb.

Şərhlər bağlıdır.