2022-ci ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (Caspian Agro 2022) Mingəçevir Dövlət Universiteti (MDU) uğurla təmsil olunub.
Bildirilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və regional stendlərin nümayiş olunduğu builki sərgidə ümumilikdə 24 ölkədən 449 şirkət iştirak edib. Sərgi aqrar-sənaye kompleksində tətbiq olunan mütərəqqi texnologiyalarla tanışlıq, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma hesab edilir.
Sərgidə iştirak edən universitetin əməkdaşları Elvin Muradzadə, Nurlan Əzizli və tələbə Nurcan Rəcəbov “AZIOT” startap layihəsini təqdim ediblər. MDU-nun “AZİOT” startap layihəsi kənd təsərrüfatı məhsullarının itkisiz və ya minimum itki ilə daşınması, məhsulların marşrut boyunca izlənilməsi kimi problemlərin innovativ həllini təklif edir.
Layihə bir neçə şirkət tərəfindən maraqla qarşılanıb və startapın inkişaf etdirilməsi ilə bağlı ilkin razılaşma əldə edilib.
Hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap fəaliyyətlərinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.