Böyük futbol Mingəçevirə qayıdır
"FK Mingəçevir" futbol klubu Futbol üzrə Azərbaycan Çempionatının birinci dvizionunda çıxış edəcək
AFFA-nın qərarı ilə yeni mövsümdən etibarən “FK Mingəçevir” futbol klubu Futbol üzrə Azərbaycan Çempionatının birinci dvizionunda çıxış edəcək. Artıq bununla bağlı ilkin hazırlıqlara başlanılıb. Mingəçevir şəhər stadionu yenidən qurulacaq.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinə, AffA rəsmilərinə və digər aidiyyəti qurumlara davamlı müraciətləri bəhrəsini verdi:
“İllər sonra böyük futbol yenidən Mingəçevirə döndü. Mingəçevir futbol ənənələri olan şəhərdir. Uşaq futbol məktəbi və peşəkar klubları Azərbaycanın və keçmiş ittifaqın müxtəlif liqalarında çıxış edib. İndi qarşıda duran əsas vəzifələrdən biri Yaşar Məmmədzadə adına 5200 yerlik şəhər mərkəzi stadionunun yenidən qurulmasını təmin etməkdir.
Təbii ki, AFFA-nın da yaxından iştirakı ilə şəhər İcra Hakimiyyəti, bələdiyyə və digər qurumlar bu prosesdə yaxından iştirak edəcək. Artıq stadionda ilkin araşdırmalara start verilib”.
Qeyd edək ki, vaxtilə “Ulduz “, “Toxucu”, “Avtomobilçi”, “Kür”, “Kürnur” və “Energetik ” komandalarında Yuri Romenski, Anatoliy Banişevski, Ramiz Məmmədov, Yaşar Vahabzadə, Qəhrəman Əliyev kimi tanınmış futbolçu və məşqçılər təmsil olunub.
Son 4 il ərzində isə şəhər Region Liqasında “Energetik ” adı altında çıxış edib. “Energetik” komandasının rəhbəri Ruslan Həmidovun məlumatına görə, FK Mingəçevir əsasən “Energetik”in bazasında formalaşacaq. Eyni zamanda, digər klublarda çıxış edən peşəkar futbolçular və futbol akademiyalarının yetirmələri olan mingəçevirlilər komandaya dəvət olunacaq.
Şərhlər bağlıdır.