Mingəçevir avtovağzalının İFLİC vəziyyəti
Mingəçevirdə qanunsuz sərnişin daşımaları şəhər avtovağzalının işini iflic vəziyyətinə salıb. Bizim.Media-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz şəkildə işləyən mikroavtobuslar, avtovağzalın rəsmi xətti ilə sərnişin daşıyan sürücülərin çörəyini əlindən alır. Hətta bu vəziyyət şəhər avtovağzalının fəaliyyətini birbaşa pozaraq sərnişinlərin vağzala axınını da məhdudlaşdırıb.
Mingəçevir şəhər avtovağzalının baş dispetçeri Behçət Məmmədov Bizim.Media-ya açıqlamasında problemin pandemiya ilə bağlı yaranmış məhdudiyyətlərin aradan qaldırılmasından sonra ortaya çıxdığını bildirib:
“Qanunsuz sərnişin daşıyan sürücülərə görə vağzalda sərnişin qıtlığı yaşadıq. Elə buna görə də Mingəçevirlə Bakı arasında daimi xətdə olan 48 kiçik tutumlu mikroavtobus ümumiyyətlə xətdən çıxarıldı. Biz çox çalışdıq ki, onları saxlayaq amma sürücüləri də qınaya bilmərik. Çünki böyük, komfort avtobuslar 15-20, digərləri isə 5-6 sərnişinlə böyük məsafəni getməyə məcbur olurdular”.
Avtovağzalın sürücüsü Namiq Cənnətov, bu sahədə uzun illik təcrübəsinin olmasını qeyd edərək, sərnişin azlığından hələ indiki qədər şikayətlənmədiyini dilə gətirib:
“Əvvəllər sərnişin çoxluğundan boş yer tapılmayan avtobuslarımızla, hazırda 15 sərnişinlə paytaxta sürüb təxminən 20 nəfər sərnişinlə geri qayıtmalı oluruq. Hətta bu günlərdə Bakıya 11 sərnişinlə getdim, vəziyyət çox üzücüdür. Sual edə bilərsiniz ki, daim bol olan sərnişinlər niyə azalıb. Bunun səbəbi hər kəsə məlumdur. Belə ki, şəhərin Qələbə meydanı dairəsindən və digər istiqamətlərindən gün ərzində iri və kiçik tutumlu qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslarla sərnişin daşınır. Biz isə avtovağzalda sərnişinsiz qalmışıq”.
Avtovağzalın baş dispetçeri Behçət Məmmədov əlavə olaraq bildirib ki, COVİD pasportu olmayan vətəndaşların qanuni sərnişindaşıma xidmətindən istifadə edə bilməməsi də bu problemin geniş hal almasına səbəb olub:
“Birinci və əsas məsələ odur ki, biz COVİD pasportu olmayan vətəndaşların qanuni sərnişindaşıma xidmətindən istifadə etməsinə imkan vermirik. Amma ayrı-ayrı küçələrdə bu işi həyata keçirən sürücülər bu sənədi heç birindən tələb etmir.
Üstəlik sifarişə əsasən, bəzən sakinləri öz evlərindən götürüb daha sonra yola çıxırlar. Soruşanda bir cavabları var ki, biz Sədərək bazarı marşurutu üzrə işləyirik. Əslində yalan danışırlar. Hamısı paytaxtın 20 yanvar dairəsinədək hərəkət edir və elə orada sərnişinləri düşürürlər. Əksəriyyətinin daşımalara icazəsi yoxdur həmçinin doğru-dürüst vergi də ödəmirlər. Nəticədə onlar qazanır, bu işi yerinə yetirməli olan avtovağzal isə sərnişinsiz qalır”.
Bizim.Media olaraq məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin Mingəçevir Regional Bölməsinin rəisi Elmar Əhmədova müraciət etdik. O, qaldırılan problemin tam mənada həqiqəti əks etdirdiyini deyib:
“Bəli, Mingəçevirdən paytaxta və geriyə çox təəssüf ki, qanunsuz sərnişin daşıma həyata keçirilir. Bunu da qeyd edim ki, biz qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan şəxslər barəsində hər hansı nəzarət və müdaxilə səlahiyyətinə malik deyilik. Bu səbəbdən da həmin daşımalar Mingəçevirdə qeyri qanuni və nizamsız xarakter daşıyır. Görünür prosesə polis əməkdaşlarının müdaxiləsi lazımdır.”
Qeyd edək ki, qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər həm də çox rahatlıqla şəhərin müxtəlif yerlərinə elanlar asıb sərnişinləri cəlb edirlər.
Xatırladaq ki, bu cür hal təkcə Mingəçevirdə deyil, respublikanın müxtəlif ərazilərində hökm sürür. Qaldırılan məsələ köklü xarakter daşıyır. Həm pandemiya, həm də yollardakı qəzanın artmasına da şərait yaradır.
Problemlə bağlı araşdırmamız davam edəcək.
Şərhlər bağlıdır.