Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetini strateji hədəflərə aparan modernləşmə yolu

Azərbaycan müəllimi, 23 iyul 2021-ci il

Qəzetin PDF versiyası

2020/2021-ci tədris ili: başlanğıclar, yeniliklər və nailiyyətlər

Yeni çağırışlar, dövlət dəstəyi və strateji hədəflər

 

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılması, Azərbaycan tarixinin möhtəşəm, şanlı səhifələrinin yazılması və beləliklə, ölkəmizdə və regionda yeni dövrün başlanması ilə əlaqədar olaraq, 2020/2021-ci tədris ili bir çox əlamətdar hadisələrlə yadda qalmışdır.

Eyni zamanda, dünyada və ölkəmizdə COVID-19  pandemiyasının davam etdiyi cari tədris ilində fərqli situasiyalar ilə qarşılaşan ali təhsil müəssisələri bütün istiqamətlərdə fəaliyyətlərini mövcud çağırışlara və reallıqlara uyğun qurmağa, öz missiyalarını dayanıqlı və səmərəli şəkildə yerinə yetirməyə çalışmışlar.

Dövlət başçımızın ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hökumət tərəfindən qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, universitetlərdə əvvəlki tədris ilində qazanılmış təcrübələr və yaradılan yeni imkanlar ali təhsildə davamlılığın, əlçatanlığın təmin olunmasına və cari tədris ilinin uğurla başa çatdırılmasına imkan vermişdir.

Regionda yerləşən ali təhsil müəssisələrindən biri olan Mingəçevir Dövlət Universitetində (MDU) hesabat dövründə bütün fəaliyyətlər milli və beynəlxalq ali təhsil məkanında müşahidə olunan inkişaf trendləri, meydana çıxan yeni çağırışlar və reallıqlar, eləcə də mövcud potensial nəzərə alınaraq həyata keçirilmiş, yeni dövrün universitetinə çevrilmək, paytaxtın qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərmək, Mingəçevir şəhəri və ətraf rayonların hərtərəfli inkişafına davamlı töhfə vermək kimi strateji hədəflərə doğru mühüm addımlar atılmışdır.

Universitetin müasirləşən siması və inkişaf edən potensialı

Qlobal pandemiyanın mövcud çətinliklərinə baxmayaraq, dövlət tərəfindən ali təhsilə göstərilən yüksək diqqət və qayğı, tələbə və əməkdaşların həmrəyliyi və əzmkarlığı, mövcud vəziyyətə həssas, realistik yanaşma və çevik adaptasiya nəticəsində 2020/2021-ci tədris ili MDU üçün, ilk növbədə, tədrisin məsafədən uğurlu təşkili, elmi fəaliyyətin genişlənməsi, sosial fəallığın artması, idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşması, beynəlxalq əməkdaşlığın güclənməsi, universitet-sənaye əlaqələrinin inkişafı ilə xarakterizə oluna bilər.

Təhsilalanların hərtərəfli inkişafına şərait yaradan səmərəli təhsil mühitinin təmin edilməsini diqqət mərkəzində saxlayan MDU-da cari tədris ilində tələbə gənclərin müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, onların milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasına, tədqiqat, yaradıcılıq və digər qabiliyyətlərinin inkişafına, startap fəaliyyətlərinin təşviqinə və universitet idarəçiliyinə cəlb olunmasına xüsusi önəm verilmişdir.

Qısa və ortamüddətli perspektivdə milli ali təhsilimizin ümumi xəritəsində mövqeyini gücləndirmək və regional ekosistemin mühüm aktorlarından birinə çevrilmək məqsədilə son dövrdə yeni məzmunda inkişaf yoluna qədəm qoyan MDU-da əmək bazarının dinamik dəyişən tələblərinə uyğun tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin nəticəyönümlüyü və səmərəliliyinin artırılması, mövcud infrastrukturun yenilənməsi və maddi-texniki bazanın gücləndirilməsi, akademik, inzibati və texniki heyət üzvlərinin bilik və bacarıqlarının artırılması, onların karyera inkişafı, sosial rifahı və əmək şəraitinin yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.

Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 21 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. Üç fakültənin və on kafedranın mövcud olduğu universitetdə 2020/2021-ci tədris ilində ümumilikdə 2700-dən artıq tələbə və magistrant təhsil alıb. Bütövlükdə 300-ə yaxın əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 57 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi, 41 nəfərin isə elmi adı vardır.

2020/2021-ci tədris ili üçün MDU-da bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu planının əvvəlki dövrlərlə müqayisədə daha çox yerinə yetirilməsini, eyni zamanda universitetə yüksək balla qəbul olan, “Gələcəyin müəllimi” və digər adlı təqaüdlərə layiq görülən tələbələrin sayında artımın müşahidə edilməsini son dövrdə MDU-nun imicinin yüksəldilməsi istiqamətində görülən işlərin ilkin nəticəsi kimi qiymətləndirmək olar.

Hesabat dövründə dövlətin hərtərəfli dəstəyi ilə universitetin müasir tələblərə cavab verən yeni kampusunun yaradılması və MDU-nun dayanıqlı inkişaf əsaslı universitetə transformasiyası istiqamətində müvafiq işlərə başlanılması mövcud potensialın yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağına zəmin yaradır.

Pandemiya şəraitində tədrisin səmərəli təşkili və tələbə məmnunluğu

COVID-19 pandemiyası səbəbindən ölkəmizdə xüsusi karantin rejiminin davam etməsi ilə əlaqədar olaraq, 2020/2021-ci tədris ilində tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin edilməsi, məsafədən təhsil prosesində tələbələrin yüksək davamiyyətinə, fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi üzrə optimal mexanizmin tətbiqinə nail olunması qarşıya qoyulan əsas vəzifələr olub.

Mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarları, Təhsil Nazirliyinin müvafiq əmrləri və dəstəyi, onlayn kommunikasiya alətlərindən istifadə, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində MDU hesabat dövründə bu vəzifələrin öhdəsindən uğurla gələ bilmiş, “Microsoft Teams” platforması üzərindən məsafədən təşkil olunan tədris prosesinin davamlılığını və əlçatanlığını təmin etmiş, yüksək tələbə məmnunluğuna nail olmuşdur.

Eyni zamanda, qüvvədə olan qanunvericiliyin tələbləri və ötən dövr ərzində əldə edilmiş müsbət təcrübə əsasında universitetdə yeni tədris ilinə hazırlıqla bağlı verilən müvafiq əmr çərçivəsində tədris prosesinin təşkilinə dair qarşıya konkret vəzifələrin qoyulması, struktur bölmələr arasında funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.

Bununla yanaşı, cari tədris ilinin əvvəli və sonunda MDU-da professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar ilə artıq müsbət ənənəyə çevrilmiş silsilə görüşlərin keçirilməsi mövcud vəziyyətin qiymətləndirilməsi, problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması, beləliklə də payız və yaz semestrlərinə, imtahan sessiyalarına hazırlıq səviyyəsinin yüksəldilməsində, qarşıda dayanan növbəti addımların müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır.

Hesabat dövründə “Microsoft Teams” platformasının davamlı yenilənən alətləri və funksional imkanları barədə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələri və magistrantları üçün çoxsaylı təlimlərin keçirilməsi, eləcə də təhsil prosesinə cəlb olunan tyutorların bilik, bacarıq və səriştələrinin artırılması məqsədini daşıyan “Tyutor xidməti” təlimlərinin təşkil edilməsi MDU-da məsafədən təhsil sahəsində qazanılmış təcrübənin təkmilləşdirilməsi, tədrisin təşkilinin səmərəliliyinin yüksəldilməsi, tələbə və magistrantlara fəal akademik dəstəyin təmin edilməsinə hədəflənmişdir.

Müvafiq fənlər üzrə mühazirə mətnləri, təqdimatlar, dərslik və dərs vəsaitləri, imtahan sualları və onların xülasə şəklində cavablarının elektron formatda tələbələrə çatdırılması, eləcə də professor-müəllim heyəti tərəfindən hazırlanan 2300-dən çox videodərslər tələbələrimizin zəruri bilik və bacarıqlar əldə etməklə imtahanlarda uğurlu nəticələr göstərməsinə, hesabat dövründə universitetin əsas akademik göstəricilərinin müsbət dinamika ilə inkişafına şərait yaratmışdır.

Müqayisə üçün qeyd edək ki, 2018/2019-cu tədris ilinin yaz semestri ilə müqayisədə 2020/2021-ci tədris ilinin yaz semestri üzrə MDU tələbələrinin müvəffəqiyyət göstəricisi 20,0 faiz bəndi artaraq 78,9 faizdən 98,9 faizə, keyfiyyət göstəricisi isə 21,3 faiz bəndi artaraq 18,7 faizdən 40 faizə yüksəlmişdir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə universitetdə tədrisin məsafədən təşkili ilə bağlı atılan məqsədyönlü, ardıcıl və çevik addımların sayəsində təhsilverənlərin və təhsilalanların onlayn dərslərdə yüksək iştirakçılıq səviyyəsi müşahidə edilmiş, müəllimlərin 99 faizi, tələbələrin isə 95 faizi məsafədən təhsilə cəlb olunmuşdur.

MDU-da 2020/2021-ci tədris ilinin payız və yaz imtahan sessiyalarını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə reallaşdırılan sistemli və kompleks tədbirlər tələbə və müəllim kollektivi tərəfindən yüksək qiymətləndirilmişdir.

Sevindirici haldır ki, tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən MDU-da məsafədən keçirilən dərslər, kollokviumlar və imtahan sessiyasından məmnunluq ifadə edilən çoxsaylı müraciətlər daxil olmuşdur.

Elmi fəaliyyətdə yeni meyillər və müsbət keyfiyyət dəyişiklikləri

Elmi fəaliyyətdə səmərəliliyin və nəticəyönümlülüyün təmin edilməsini, orta və uzunmüddətli perspektivdə ölkənin və regionun inkişafına töhfə verən tədqiqat universitetinə çevrilməyi diqqət mərkəzində saxlayan MDU-da 2020/2021-ci tədris ili ərzində elmi potensialın inkişaf etdirilməsi sahəsində müsbət keyfiyyət dəyişiklikləri baş vermiş və yeni meyillər formalaşmışdır.

Hesabat dövründə universitetdə beşillik elmi-tədqiqat işlərinin təsdiq edilmiş planı çərçivəsindədörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemi və 43 mövzunu əhatə edən müvafiq tədqiqatlar yerinə yetirilmişdir.

Cari tədris ilində MDU-da elmi potensialın gücləndirilməsi məqsədilə akademik heyət üzvlərinin tədqiqat qabiliyyəti və bacarıqlarının artırılmasına, səmərəli elmi tədqiqat işlərinin yerinə yetirilməsi və elmi fəaliyyətin təşviq edilməsinə xüsusi diqqətin göstərilməsi, xüsusilə Elmi Şuranın müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyətin genişlənməsinə və əməkdaşların nüfuzlu beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrinin sayının artmasına səbəb olmuşdur.

Belə ki, 2019-2021-ci illər ərzində MDU əməkdaşlarının “Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayı (13 ədəd) 1991-2018-ci illər üzrə müvafiq göstəricidən (7 ədəd) təxminən 2 dəfə çox olmuşdur. Yalnız 2021-ci ilin ilk altı ayında belə məqalələrin sayı 4 olub. Qeyd edək ki, bu günə qədər sözügedən bazaya daxil olan jurnallarda universitetin akademik heyət üzvlərinin ümumilikdə 20 məqaləsi dərc olunmuş və onlara 30 istinad edilmişdir.

Bununla yanaşı, cari tədris ilində Elmi Şuranın müvafiq qərarı ilə universitet tarixində ilk dəfə olaraq, “Dayanıqlı inkişaf” adlı müstəqil, multidissiplinar elmi jurnalın təsis edilməsi MDU alimləri və gənc tədqiqatçıları tərəfindən həyata keçirilən elmi tədqiqatların nəticələrinin operativ surətdə geniş ictimaiyyətə çatdırılmasında, dayanıqlı inkişaf məsələləri ilə bağlı son nəzəri yanaşmaların, yeniliklərin və müsbət təcrübələrin yayılmasında, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaqdır. Redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna və Litvanın tanınmış alimlərinin yer aldığı “Dayanıqlı inkişaf” jurnalında məqalələrin Azərbaycan, türk, ingilis və rus dillərində dərc edilməsi yaxın gələcəkdə sözügedən elmi nəşrin beynəlxalq status qazanmasına şərait yaradacaqdır. İlkin mərhələdə ildə dörd dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın ilk buraxılışı artıq çapa hazırdır.

Eyni zamanda, MDU-da yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin doktoranturasında universitetin gənc əməkdaşları və məzunlarının təhsil almasına xüsusi diqqət yetirilir. Hazırda universitetin 31 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdır. Cari ilin may-iyun aylarında müxtəlif elm sahələri üzrə universitetin bir əməkdaşı elmlər doktoru, üç əməkdaşı isə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işlərini uğurla müdafiə etmişlər.

Bundan əlavə, universitet tarixində ilk dəfə olaraq, cari tədris ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin dəstəyi sayəsində “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək, MDU-nun bir əməkdaşı və bir məzunu Türkiyənin Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi” və “Kompüter elmləri” ixtisasları üzrə doktoranturaya qəbul olmuşdur.

Hesabat dövründə Elmi Şura tərəfindən MDU-da ali təhsilin doktorantura səviyyəsi üzrə kadr hazırlığının təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında müvafiq vəsatətin qaldırılması haqqında qərarın qəbul edilməsi universitetin elmi dərəcəli kadrlara olan yüksək tələbatının ödənilməsinə və qısamüddətli perspektivdə mövcud tələblərə uyğun bazaya malik ixtisaslar üzrə doktorantura təhsilinin təşkilinə hədəflənmişdir.

Pandemiya şəraitinin məhdudiyyətlərini nəzərə alaraq universitetdə müxtəlif aktual mövzularda elmi konfrans, nəzəri-praktiki seminar və “dəyirmi masa”larınonlayn formatda fəaliyyətinin təmin edilməsi universitetin professor-müəllim heyətinə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək baxımından geniş imkanlar yaratmış, tələbə və magistrantların elmi potensialının üzə çıxarılması və onların elmi-tədqiqat fəaliyyətinə daha aktiv cəlb edilməsində əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, MDU-nun akademik heyət üzvləri respublika və beynəlxalq səviyyədə keçirilmiş elmi konfranslarda fəal iştirak etmişlər.

Vətənə, xalqa və dövlətə layiq vətənpərvər kadrların yetişdirilməsi işinə töhfə məqsədilə MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsiləvi elmi tədbirlərin keçirilməsinə, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə prioritet əhəmiyyət verilmişdir. Bu məqsədlə, MDU-da Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə 2021-ci ilin 4 may tarixində “Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans, 5 may tarixində “Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür” mövzusunda “dəyirmi masa” keçirilmiş, 6 və 7 may tarixlərində “Heydər Əliyev: Zirvələri fəth edən nadir şəxsiyyət”, “Milli tariximizin Heydər Əliyev Erası: Dirçəlişdən tərəqqiyə və zəfərə doğru” mövzularında tələbə və magistrantlar üçün mühazirələr təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq MDU-da Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin tədqiqi və təbliğinə xüsusi diqqət yetirilmişdir. Belə ki, dahi şairin 880 illik yubileyi münasibətilə 2021-ci il 3 mart tarixində universitetdə “Nizami Gəncəvi Azərbaycanın dünya ədəbiyyatı xəzinəsinə töhfəsidir” mövzusunda keçirilən elmi konfrans, eləcə də 6 aprel tarixində Qazi Universiteti ilə birlikdə keçirilən beynəlxalq elmi konfrans, 17 mart tarixində Kiyev Milli İqtisadiyyat Universitetinin tələbə və müəllimləri üçün “Nizaminin Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri” mövzusunda təşkil edilən mühazirə elm ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.

Bununla yanaşı, MDU-da Vətən müharibəsində əldə olunan tarixi qələbənin perspektivləri və işğaldan azad edilmiş bölgələrin gələcək inkişafına, cəmiyyətin aktual problemlərinə və əlamətdar tarixi günlərə həsr edilən, eləcə də “Elm Günü” və görkəmli elm xadimi Lütfi Zadənin anadan olmasının 100 illiyi münasibətilə tərəfdaş universitetlər, sənaye qurumları ilə birgə konfransların, nəzəri-praktiki seminarların və “dəyirmi masa”ların keçirilməsinə xüsusi önəm verilmişdir.

(ardı var)

Şahin BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru

Şərhlər bağlıdır.