2021-ci ilin 10 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Tələbələrin istəklərini, problemlərini və təkliflərini öyrənmək məqsədilə hər həftə “Açıq qapı” günlərinin keçirildiyini diqqətə çatdıran rektor mövcud şəraitdə təhsilalanlar ilə çevik onlayn kommunikasiyanın önəmindən danışıb.
Cari imtahan sessiyasının ilk həftəsinin uğurla başa çatdığını vurğulayan Ş.Bayramov onlayn imtahanlar zamanı heç bir texniki çətinliyin yaranmadığını qeyd edib.
İmtahanlarda iştirakçılıq, mənimsəmə və keyfiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu, nəzərdə tutulmuş bütün imtahanların baş tutduğunu diqqətə çatdıran rektor yaz imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsində əməyi olan MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, könüllü tələbələrə təşəkkürünü bildirib.
Səmimi ortamda keçən görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub. Cari imtahan sessiyası ərzində ilk “Açıq qapı” günü 3 iyun tarixində keçirilib.
Şərhlər bağlıdır.