2021-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olub.
“Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və perspektivlər” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti qəbul edib tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib.
Layihənin əsas məqsədini və başlıca əhəmiyyətini diqqətə çatdıran rektor iqtisadçı alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin üzvü V.Bayramovun bioqrafiyası, qanun yaradıcılığında və ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakı barədə məlumat verib, onun regionda ən güclü hesab edilən beyin mərkəzlərindən birinin təsisçisi kimi fəaliyyətindən bəhs edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində ərazi bütövlüyümüzün təmin edilməsilə ölkəmizdə yeni dövrün başlandığını qeyd edən Ş.Bayramov doğma Qarabağımızda irimiqyaslı bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb. Ölkə mətbuatında Qarabağın iqtisadi inkişaf perspektivləri haqqında V.Bayramovun ictimaiyyət üçün maraq doğuran çoxsaylı fikirlərinə tez-tez rast gəlindiyini vuğulayan rektor görüşün tədbir iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.
Universitetin professor-müəllim, tələbə və məzun heyəti üzvləri ilə görüşməkdən məmnunluğunu ifadə edən V.Bayramov son dövrdə MDU-da yeni çağırışlara uyğun baş verən pozitiv dəyişiklikləri maraqla izlədiyini diqqətə çatdırıb.
Tədbirin mövzusunun aktuallığından danışan V.Bayramov, tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını bildirib.
Böyük iqtisadi potensiala malik olan Yuxarı-Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının uzun müddət işğal altında qaldığını və erməni vandalları tərəfindən vəhşicəsinə talan edildiyini bildirən V.Bayramov bu iki mühüm iqtisadi bölgənin düşmən təcavüzündən azad edilməsinin perspektiv dövrdə Azərbaycanın iqtisadi artımında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Möhtərəm Prezidentimizin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran V.Bayramov Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən danışıb.
Qarabağda sənaye, kənd təsərrüfatı, turizm və digər fərqli sektorların inkişafı üçün zəngin potensialın mövcud olduğunu qeyd edən V.Bayramov iqtisadi fəaliyyətə reinteqrasiya olunmasından sonra Qarabağ regionunun qısa müddət ərzində ölkə iqtisadiyyatında payının əhəmiyyətli dərəcədə artmasının gözlənildiyini bildirib.
Tarixi abidələrinin zənginliyi, təbiətinin cəlbediciliyi və digər özünəməxsus xüsusiyyətləri ilə Qarabağın Cənubi Qafqazda turizm potensialına görə seçilən azsaylı bölgələrdən hesab edildiyini vurğulayan V.Bayramov regionun fasiləsiz turizm xidmətləri təqdim etmək imkanlarından, yay, qış, sağlamlıq, tarixi, mədəni və dini turizm növlərinin inkişaf perspektivlərindən bəhs edib.
Torpaq fondunun böyük hissəsinin məhsuldar olduğunu qeyd edən iqtisadçı alim bölgədə aqrar sektorun inkişaf etdirilməsi üçün mövcud əlverişli şəraitdən danışıb və işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpa edilməsinin yarada biləcəyi əlavə dəyərdən danışıb.
Eyni zamanda, Qarabağın təbii ehtiyatlarla zəngin olmasının sənaye sektorunun formalaşması və emaledici sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən V.Bayramov bölgədə yeni sənaye müəssisələrinin fəaliyyəti üçün mövcud imkanlar barədə ətraflı məlumat verib.
Regionda hava limanının inşasının davam etdiyini, yeni yolların çəkildiyini bildirən V.Bayramov Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsinin ölkəmizin beynəlxalq yükdaşımalarda payının artmasına potensial müsbət təsirlərindən danışıb.
Bütövlükdə, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini bildirən V.Bayramov yeni dövrdə işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın iqtisadiyyatının xüsusi lokomotivinə çevrilməsinin qeyri-neft sektoru hesabına iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.
Sonra V.Bayramov görüş iştirakçılarının Qarabağın iqtisadi inkişafı ilə bağlı ehtiyac duyulan aktual elmi-tədqiqat istiqamətləri, bölgənin regional turizm mərkəzinə çevrilməsi imkanları, yeni iş yerlərinin yaradılması, smart-kənd və smart-şəhərlərin qurulması konsepsiyası, regionda özəl təşəbbüslərin, dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması mexanizmləri və digər mövzuları əhatə edən çoxsaylı suallarını cavablandırıb.
Görüş həm iştirakçıların, həm də qonağın böyük marağına səbəb olub.
Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov və Milli Məclisin deputatı Ceyhun Məmmədov ilə görüşlər təşkil olunub.
Şərhlər bağlıdır.